BAKI, 15 dekabr. TELEQRAF
Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna edilən hücumdan sonra gündəlik neft hasilatı həcmlərini qorumağa çalışır.
Teleqraf xəbər verir ki, bu barədə nazirlik “İnterfaks-Qazaxıstan”ın sorğusuna cavabında bildirib.
Qeyd edilib ki, CPC-nin dəniz terminalında baş verən insident ixracın tam dayanmasına səbəb olmayıb.
“Neftin yüklənməsi mövcud liman infrastrukturu vasitəsilə, zəruri təhlükəsizlik tədbirləri görülməklə davam etdirilir. Hazırda Energetika Nazirliyi hasilat şirkətləri ilə birlikdə neft həcmlərinin operativ şəkildə yenidən bölüşdürülməsi üzərində işləyir”,- qurumdan bildirilib.
Xatırladaq ki, CPC neft kəmərləri sistemi Xəzər dənizi hövzəsindən dünya bazarlarına neft nəqli üçün ən böyük marşrutdur. Uzunluğu 1,5 min kilometr olan magistral boru kəməri Qərbi Qazaxıstan yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir və burada neft CPC-nin dəniz terminalı vasitəsilə tankerlərə yüklənir. Konsorsiumun ən böyük səhmdarları arasında Rusiya (“Transneft”), Qazaxıstan (“Kazmunaigas”) ölkələri, həmçinin “Chevron”, “Lukoil”, “ExxonMobil”, “Rosneft” və “Shell” şirkətləri var.