BAKI, 14 dekabr. TELEQRAF
"İran üçün qonşuluq mühiti xüsusi əhəmiyyət daşıyır, ölkənin şərq sərhədlərində təhlükəsizlik və sabitlik əsas prioritetlər sırasındadır".
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, Tehranda keçirilən iclas son həftələr ərzində İranla Əfqanıstanın qonşu ölkələri arasında aparılan məsləhətləşmələrin nəticəsidir və əvvəlki oxşar görüşlərin davamı hesab olunur:
"Təxminən iki ildən sonra ilk dəfə olaraq bu formatda Əfqanıstan üzrə xüsusi nümayəndələrin iştirakı ilə toplantı keçirilib. Görüşdə Rusiya, Çin, Tacikistan, Pakistan, Özbəkistan və Türkmənistan təmsil olunub. İranın Əfqanıstan və Pakistanla ümumilikdə təxminən 2 min kilometrlik ortaq sərhədi var və bu ölkələr arasında baş verən gərginliklər regiona da təsir göstərir".
Bəqayi bildirib ki, İran Əfqanıstanı da iclasa dəvət edib:
"Əfqanıstanın iclasa qatılmaması bu ölkənin öz qərarıdır və İran həmin qərara hörmət edir. İranın əsas məqsədi regional dialoq yolu ilə sabitlik və təhlükəsizliyi gücləndirən ümumi yanaşmaların formalaşdırılmasına töhfə verməkdir".
Qeyd edək ki, hazırda İranda Əfqanıstanın qonşu ölkələrinin və Rusiyanın xüsusi nümayəndələrinin iştirakı ilə regional iclas keçirilir. Görüşdə Əfqanıstandakı mövcud vəziyyət, regional təhlükəsizlik məsələləri və əməkdaşlıq imkanları müzakirə olunur.