BAKI, 7 oktyabr. TELEQRAF

“Tariflərin qeyri-sabitliyi səbəbindən qlobal ticarət hesablaşmaları pozulur”.

Teleqraf xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşankar deyib.

“Bir çox cəmiyyətlərdə antiqlobalist əhval-ruhiyyə artır. Tarif dəyişkənliyi ticarət axınını pozur”, - Hindistanın baş diplomatı bildirib.

Cayşankar qlobal miqyasda baş verən dəyişikliklərin strateji təsirlərinə diqqət çəkib.

Hindistanlı nazir qlobal maliyyə sistemini dəyişən hadisələri də sadalayıb: “Sanksiyaların tətbiqi, aktivlərin ələ keçirilməsi, kriptovalyutaların meydana çıxması – bütün bunlar bu gün qlobal maliyyənin simasını dəyişib”.

Hindistan Xarici İşlər Nazirinin tariflərin qeyri-sabitliyi ilə bağlı bəyanatı ABŞ Prezidenti Donald Trampın bu ölkəyə Rusiya neftinin alınmasına görə əlavə rüsumlar tətbiq etməsindən sonra Dehli və Vaşinqton arasında ticarət razılaşması üzrə davam edən danışıqlar fonunda verilib. Avqustun 6-da ABŞ Hindistana 25 faiz əlavə rüsumlar tətbiq edib. Avqustun sonunda ABŞ-nin Hindistan mal və xidmətlərinə tətbiq etdiyi tariflər 50 faizə qədər artırılıb. Dehli bu addımları ədalətsiz hesab edir.