BAKI, 13 iyul. TELEQRAF
Əfqanıstan İslam Əmirliyi beynəlxalq səviyyədə dövlət kimi tanınması üçün tələb olunan bütün şərtləri yerinə yetirib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin informasiya və mədəniyyət naziri Xeyrullah Xeyrxva bəyan edib.
“Əfqanıstan hakimiyyəti Dohada əldə edilmiş Əfqanıstanda sülhün bərpasına dair razılaşmaya uyğun olaraq rəsmi beynəlxalq tanınma üçün lazım olan bütün şərtləri yerinə yetirib”, - məmur bildirib.
O əlavə edib ki, Əfqanıstan İslam Əmirliyinin rəsmi tanınması ölkədə iqtisadiyyata müsbət təsir göstərəcək, xüsusilə xaricdən investisiyaların cəlb edilməsinə kömək edəcək. Xeyrxva beynəlxalq ictimaiyyəti Rusiyadan nümunə götürməyə və real vəziyyəti qəbul etməyə çağırıb. O vurğulayıb ki, Əfqanıstanda təhlükəsizlik bərpa edilib, narkotik maddələrin istehsalı dayandırılıb və korrupsiya aradan qaldırılıb. Nazirin sözlərinə görə, onilliklər ərzində ilk dəfə olaraq ölkədə sabit mərkəzləşdirilmiş hakimiyyət qurmaq mümkün olub.