Teleqraf.com şair Ruslan Dost Əlinin yeni şeirlərini təqdim edir:
***
Siz heç nə bilmirsiz, heç nə bilmirsiz,
mən adam deyildim, adam deyildim.
hara and içim ki, inanasınız.
hardasan, səhərdən səni gəzirəm,
hardasan, bir topa, bir əlçim bulud!
həmişə sən yağırdın, biz islanırdıq,
bu dəfə mən yağdım, di gəl çim, bulud.
yağdım ağaclara, yağdım quşlara,
damdım bu evlərin damınnan, di gör.
bir adam sənintək yağmaqdan ötrü,
gör, nətər keçirmiş canınnan, di gör.
yağdım, bu kəndi də sel-su apardı,
gördüm ki, atama söyür adamlar.
ay bulud, mən tanrı qapısıyammı,
məni harda tutdu döyür adamlar...
nə qədər istəsən yağım başından,
utanma, utanma, dur, gəl, çim, bulud.
yağmaq nə gözəlmiş, ah, nə gözəlmiş,
ay bir topa bulud, bir əlçim bulud.
azca yağ dedilər, söydülər məni,
mən bu yer üzünə boşuna gəldim.
deyəsən, bir tanrı üzümə baxdı,
deyəsən, bir onun xoşuna gəldim.
dedim, mənə dəymə, yağım, yaşayım,
qoy hamı öyrənsin sulu qalmağa.
gördüm ki, bir yetim uşaq titrədir,
dayandım, yollandım günəş olmağa...
gördüm ki, quruyur bütün ağaclar,
gördüm ki, adamlar su axtarırlar.
gördüm, sususzluqdan ölür adamlar,
bir qurtum suyu da bölür adamlar.
...özün bil, özün bil, özün bil, bulud.
daha mən yağmıram, di get, öl, bulud.
baxdım buludların o nəm cildinə,
günəşə boylandım, baxa bilmədim,
qayıtdım, qayıtdım adam cildinə...
***
orucumu pozaram, and içərəm doyunca...
səni inandıraram bu eşqə yol boyunca.
deyirsən, sevgi nədi, oyuncaqdı, oyuncaq,
olsun, bilməlisən ki, uşaqlar üçün deyil.
baramaqlarını gətir, bir, iki, üç, dörd... sayım,
adını əzbərləyim, gündüzlər sayaqlayım.
yaxın dur, dodağına bir kəlmə pıçıldayım,
mənim deyəcəyim söz qulaqlar üçün deyil.
tərpənməyə qorxuram, bu eşq ki var canımda,
bircə addım ataram, boğularam qanımda.
bu əlləri bəs niyə saxlamışam yanımda?
ay qız, sənin saçların daraqlar üçün deyil.
mən tanrıdan nə bir din, nə ayə istəyirəm,
nə azan oxumaqçün minarə istəyirəm.
göy üzünü bir günlük kirayə istəyirəsənə
sənə yazacaqlarım varaqlar üçün deyil...
* * *
bir fikir var, səhər-axşam
içimi didir, ilahi:
görən dumanlı dağların,
çəkdiyi nədir, ilahi?
heç seçilmir mələyindən,
baş açmıram kələyindən,
bir qız çıxır ürəyimdən,
gör, hara gedir, ilahi?
gizli sənsən, əyan sənsən,
bu dünyaya həyan sənsən.
hamıya göz qoyan sənsən,
səni kim güdür, ilahi?!
***
Qədir görmədi bu günü,
torpağın da qulağı var - deyirlər,
Qədir kirimişcə qulaq asır:
Qədirin Səsi Ağdamı bağrına basır...
Qapısı, pəncərəsi açıldı
Ağdamın.
Nəfəsi açıldı Qədirin,
O da belə adamıydı.
Qədirin Səsi Ağdamıydı, -
Səsi açıldı Qədirin...
Xoş xəbər elə tez gəldi,
zəng kimi
gəldi.
Qədirin Səsi açıldı
Tüfəng kimi...
Ağdamnan eyni günnüsən,
Hər ikinizin yaşına yığışmışıq.
İnan Allaha,
Xəbəri eşidənnən
Səsiyin başına yığışmışıq...
Qulağımdan getmir Səsin.
İstəyirəm bu toy
Sən aparan toydan olsun.
Gözlərinə quzu kəsim...
Torpaq aydınlığı verirəm Sənə,
Torpağın aydın olsun!
20.11.2020
***
Bu pulun olmayan vaxtı,
deyirəm, noola, bircə dəfə
yeyib-içəsən, deyələr
hesabı şeirnən ödə...
Ömrün-günün qara vaxtı,
şeiri bir bəyaz boya san...
Bircə səhər üzün gülə:
məktəbə gedən oğlunun
cibinə şeir qoyasan...
Yazmağa həvəsin ola,
nəyəsə yaraya şeir...
Bir ovuc küldən ötəri
özünü yandırmayasan,
basasan yaraya şeir...
Qəm eləmə, qoca şair,
hərf-hərf oxuduğun
alnınsa... yaxşı olacaq!
Fikri satışa qoymuşam,
alınsa yaxşı olacaq...
* * *
Dünənki tək qoy olsun,
məni bu gün də görmə...
Yuxuma da gəlmə heç,
məni bu gündə görmə...
...Gözümüzü açmayaq,
gözümüzdən düşərik...
Güzgüyə də baxma heç,
qorxuram görüşərik!
...Bir qara kölgəsi var,
çəkildəndi əllərim...
Divardan şəklin düşmür,
şəkildən də əllərim...
...Dörd divardı, bir də mən,
nə mey qalıb, nə badə...
birdən yenə...
yadıma
düşərsən ha, nə badə!
***
Səni mən tək sevməyənlər,
bilirəm, mənnən qəşəngdi.
Adam var, adamdan qəşəng,
gün var ki, günnən qəşəngdi...
İslandıqca baxışlar da,
aram dəyir yağışlarnan.
Alnım, üzüm qırışlarnan,
saçlarım dənnən qəşəngdi...
Ruhum sevgi, səsim sevgi,
quruca nəfəsim - sevgi.
Kim nə deyir desin, sevgi,
imandan, dindən qəşəngdi!
Səni sözə oxşatmışam,
nə cür görmüşəm, yozmuşam;
Sənə bir şeir yazmışam,
incimə, səndən qəşəngdi...
* * *
hərə bir zümzümə edir keçmişdən,
hərə içində bir bəstə saxlayır...
Məni bu od-ocaq qızdırmır daha,
məni xatirələr isti saxlayır...
Gəlib məhləmizdə az tutmayıblar,
qızlar gəlinciyi, donu əlimdə...
Mən də böyüməyə tərəf qaçardım,
qarğı atım vardı - onun belində...
Gedib kitablarda quş axtarardım,
rəsm dəftərimə şəkil çəkməyə...
“Klas”a bir yastı daş axtarardım,
indi daş gəzirəm bir ev tikməyə...
Deyimmi, xəlvətcə, ağac başına
çıxıb yuvaları yoxlamağımı;
Körpə budaqlardan yay-ox düzəldib,
günahsız göy üzün oxlamağımı?
Canım bahasına ala bilmərəm,
suyu qiymətinə satdıqlarımı...
Sonradan səngərdə döyüşən gördüm,
taxta avtomatla “atdıqlarım”ı...
Götürüb üstünə adımı yazdım,
bir arxa tulladım, getdi-gəlmədi -
Mənim uşaqlığım, ahh... uşaqlığım
kağız gəmilərdə batdı, gəlmədi...