Teleqraf.com məşhur aparıcı, ASAN Radionun rəhbəri Emin Musəviylə müsahibəni təqdim edir.

- Emin müəllim ASAN Radionun bir yaşı tamam olur. Sizi təbrik edirik. Qısa zamanda çox tanındınız. Qarşınıza qoyduğunuz bütün məqsədlərə nail oldunuzmu?

- Təbrikinizə görə çox sağ olun. Vurğuladığınız kimi artıq bir ildir ASAN Radio fəaliyyət göstərir. Dekabrın 24-də fəaliyyətə başlayanda təbii ki, tam komandamız yox idi. Heyətimiz bir neçə nəfərdən ibarət idi. İşləyə-işləyə radioya əməkdaşlarımızı cəlb elədik, müsabiqə elan etdik. İki minə yaxın insan müraciət elədi. Radiomuzda peşəkarlarla yanaşı kifayət qədər gənc da çalışır. Kollektivimizdə peşəkarlar və bu günə qədər radioda, mediada çalışmayan, bir müddət könüllü işləyib, sonra işə qəbul olunan həmkarlarımız var. Bir il ərzində məqsədlərimizə çatmağa çalışdıq.

ASAN Radio dövlət xidmətləri sayəsində ixtisaslaşan ilk və yeganə radiodur. Ona görə də görülən və görüləcək işlərimiz çoxdur. Vətəndaşlar üçün daha faydalı radiodur. Dövlət qurumları vacib informasiyaları ASAN Radio vasitəsilə ötürür. Bütövlükdə məqsədimizə çatmışıq. Radiomuz dövlət başçımız cənab İlham Əliyevin tapşırığı ilə yaradılıb. Ona görə məsuliyyətimiz daha böyükdür. ASAN brendinə və adına yüksək səviyyədə layiq olmaq üçün əlimizdən gələni edirik. Radiomuz artıq dövlət xidmətləri ilə bağlı maarifləndirici informasiya ötürən media qurumu kimi qəbul edilir.

- ASAN Radionun əməkdaşlarının sayını çoxaltmağı düşünürsünüzmü?

- Əməkdaşlarımızın sayı elə də çox deyil. Çünki radiomuz müstəqil fəaliyyət göstərir, televiziya və yaxud digər media qrupun tərkibində deyil. Ona görə işçilərimizin sayı nə çoxdur, nə də az. Kollektivimiz 25 nəfərdən ibarətdir.

- Verilişlərinizdə bəzən rəsmi şəxslər qonaq olur...

- Bəli, ASAN Radioda elə proqramlar, verilişlər var ki, dövlət qurumlarının nümayəndələri iştirak edirlər. "Qəbuldasan" verilişinə dövlət qurumlarının rəhbərləri gəlir. Məsələn, sosial müdafiə naziri dinləyicilərimizin suallarını cavablandırdı, bir neçə dinləyicimiz problemlərini həll etdi. Eləcə də, bir neçə nazir bir başa, interaktiv dinləyicilərlə ünsiyyətdə olur. Orada müəyyən təkliflər, suallar olur, problemlərə diqqət çəkilir. Nazirlər vətəndaşları verilişdən sonra qəbul edir, problem həll edilir. Biz verilişdən sonra da həmin vətəndaşımızla maraqlanırıq. Kifayət qədər faydalı verilişlərimiz olub. Əslində, media hansısa problemə diqqət cəlb etməlidir, amma biz bununla yanaşı bəzən problemi həll edirik. Deməli, işimiz faydalıdır.

- ASAN Radioya rəhbər təyin edilməyinizi necə qarşıladınız?

- Hər kəs sevdiyi işlə məşğul olmalıdır. 1997-ci ildən radio sahəsində işləyirəm. Aparıcı, 1999-cu ildə radio rəhbəri, 2004-cü ildə 106.3 Fm radiosunun yaradıcısı və rəhbəri olmuşam. Əlbəttə ki, bu təklifi yaxşı qəbul etdim. Doğrusu, təklif mənim üçün gözlənilməz oldu. ASAN xidmətə adi vətəndaş kimi gələndə düşünürdüm ki, burada çox mütərəqqi və pozitiv insanlar işləyir. Belə bir xidmət yaranıb və dövlət başçımızın vurğuladığı kimi milli brendə çevrilibsə, deməli, yanaşma müasir və vətəndaşlar üçün faydalıdır. Biləndə ki, dövlət başçısının göstərişi ilə yaradılan radioya rəhbər dəvət edirlər, təklifi qəbul etdim. Bu tipli radionun yeri görünürdü. Xüsusilə dövlət xidmətləri ilə bağlı maarifləndirmə funksiyasını yerinə yetirən radionun yaradılması və mövcudluğu mənə maraqlı gəldi.

- İşə qəbul etdiyiniz işçilərdə hansı meyarlara üstünlük verirsiniz?

- Təbii ki, bir neçə meyara üstünlük veririk. Əməkdaşları şərti olaraq kateqoriyaya bölürük, gənc və bu sahədə çalışmayanlar və bu sahədə çalışanlar, peşəkarlar. Hər iki tərəf maraqlıdır. Çünki peşəkarlar təcrübələri ilə fayda verirlər. Mediada işləməyənlər isə standart düşünmürlər. İstedadla yanaşı insan özü də maraqlı olmalıdır. Kifayət qədər məlumatlı, dünyada baş verən hadisələrlə maraqlanmalıdır. Yaşamağa həvəsi olmalıdır. Pozitiv və optimist olmalıdır. İnsan özü solğun və daxilən pessimist olanda efirdə də hiss olunur. Ona görə də qeyd etdiyim detallara diqqət etməyə çalışırıq. Əməkdaşlarımızın və müsabiqə ilə dəvət edilən işçilərin 70 faizini tanımırdım. Təbii ki, texniki peşəkar işçilər var idi ki, onlar mütləq işləməli idi. Onların təcrübələri ilk gündən fayda verdi.

- Televiziyada bir çox tanınmış layihənin aparıcısı olmusunuz. Televiziya üçün darıxırsınızmı?

- Maraqlı sualdır. İlk işim radio ilə bağlı olduğuna görə bura daha doğma və əzizdir. Televiziya ilə radioda işləmək fərqlidir. Televiziyada bir il işlədikdən sonra kifayət qədər məşhurlaşırsan. Amma radioda üç-beş ildən sonra tanınmağa başlayırsan. Televiziyaya radiodan gəlmək daha yaxşıdır. Çünki radioda görüntü olmadığına görə daha çox peşəkarlıq tələb olunur. Çünki sən düzgün cümlələrlə, səsinlə, musiqinlə və ümumi yaradılan ab-hava ilə məlumatı dinləyiciyə çatdırmalısan. Bəzən elə olur müxtəlif ölkələrdə çəkdiyim proqramlar, dünya səviyyəsində tanınan insanlarla görüşləri xatırlayıram. O anda düşünürəm ki, yenidən xarici ölkələrə getmək, veriliş çəkib tamaşaçıya təqdim etmək maraqlı olar. Amma bu haqda tez-tez deyil, nadir hallarda düşünürəm. Hər bir işi keyfiyyətli görmək lazımdır. Bu gün işim radiodursa, televiziyada görünmək xatirinə veriliş aparmaq istəməzdim.

- Azad Azərbaycan telekanalında işləmisiniz. Yenidən televiziya fəaliyyətinə başlasınız yenə o kanalı seçərsinizmi?

- Artıq zəmanə və tələblər dəyişib. Mütləq deyil ki, o kanal olsun. Müxtəlif kanallarda fəaliyyət göstərə bilərəm. Amma bu gün elə video verilişlər var ki, internetdə daha populyardır, nəinki telekanalda. Ona görə hansı kanalda fəaliyyətə başlayacağım haqqında dəqiq ad çəkə bilməyəcəm.

- Televiziyada yoxluğunuz hiss olunur...

- Təşəkkür edirəm...

- Azərbaycan kanallarını izləyirsinizmi?

- Kanallarımızı izləyirəm, xoşuma gələn və gəlməyən verilişlər var. Amma mən bəzi tamaşaçılardan fərqli olaraq veriliş xoşuma gəlmirsə, özümə işgəncə verib izləmirəm. Ümumiyyətlə, televiziyada işləyənlər, özlərinə qarşı daha tələbkar olub işin keyfiyyətinə fikir versələr, cəmiyyətdə televiziyaya hörmət çoxalar. Tək kanal rəhbərləri yox, bütün insanlar özlərinə qarşı tələbkar olmaldır.

- Dünyaca məşhur verilişlərin Azərbaycan versiyası çox maraqsız və bayağı alınır. Bu kadr problemidir, yoxsa qeyri-peşəkarlıqla bağlıdır?

- Elə verilişlər var ki, onların hüquqları alındıqdan sonra yayımlanır. Məsələn, əvvəllər “Lider”in efirində yayımlanan "Milyonçu" və s. çox keyfiyyətli veriliş idi. Amma bir sıra verilişlər keyfiyyətli alınmır. Burada maddi problemlər və qeyri-peşəkarlıq özünü göstərir. Bir işi görəndə yola verməməlisən. Verilişlər ad olaraq götürülür, amma icrası alınmır.

- Son günlər tamaşaçıların zövqlərinin korlandığı ön plana çəkilir. Televiziyada baxımlı verilişlər sırasında Xoşqədəm Hidayətqızının və Zaur Baxşəliyevin proqramlarının adı çəkilir. Bununla razısınızmı?

- Mən başa düşə bilmirəm ki, niyə tamaşaçıları ekran qarşısında saxlamaq üçün faciə və göz yaşlarından istifadə edirlər. Bunu təbəssüm və pozitiv keyfiyyətli yumor, xoş əhval-ruhiyyə, yaxşı məsləhətlərlə də etmək olar. Görünür, biz hardasa bu tipli verilişləri keyfiyyətli işləyə bilmirik. Auditoriyanın bir qismi isə Azərbaycan kanallarına yox, Rusiyanın, Türkiyənin və digər ölkələrin kanallarına baxır. Ona görə deməzdim ki, tamaşaçının zövqündə problem var, problem verilişləri hazırlayan qeyri-peşəkar insanlardadır. Hər şeyi öncədən planlaşdıranda daha keyfiyyətli alınır.

Amma yenə də vurğulayıram ki, TV-lərdə işləyən insanlar arasında peşəkarlar az deyil.

- "Rəsmilər qeyri-rəsmi" verilişində xarici ölkə rəsmiləri də olub…

- Xarici ölkədə rəsmiləri çəkmək çətin prosedur deyil. Düzdür, rəsmi qonaqlar üçün müraciət edib, aylarla gözlədiyimiz zaman da olub. Ona görə verilişin istehsalı çətin idi. Qonağın razılığını almaq, xarici ölkəyə getmək, xərclər və s.

- Arzusunda olduğunuz, lakin çəkiliş edə bilmədiyiniz rəsmi şəxs olubmu?

- Bəli, olub.

- Kim?

- Bir neçə rəsmi qonaq olub. Amma elə qonaqlarım da olub ki, verilişimdə qonaq olmasına inana bilməzdim. Onların arasında İsrailin keçmiş prezidenti Şimon Peres, Gürcüstanın tanınmış sənətçisi Vaxtanq Kikabidze, Raymond Pauls… Düşünürəm ki, bu, hələ bitməyib. Çünki Azərbaycanda və xaricdə elə adamlar var ki, onlarla veriliş edə bilərəm. Kubanın keçmiş prezidenti Fidel Kastro ilə müsahibə etmək istədim, alınmadı. Kuba ilə əlaqə qurulmuşdu. Amma xəstə olduğuna görə mümkün olmadı. Artıq həyatda deyil.

- Verilişin davamı olacaqmı?

- Nə vaxtsa davam etmək istəyərəm. Verilişimizdə çox maraqlı qonaqlarımız olub. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülübüloğlu ilk dəfə evi və ailəsini çəkməyə icazə verib. Özü də vurğuladı ki, heç kimə evində ailəsini çəkməyə icazə verməyib. Polad Bülbüloğlunu qonaq qismində çəkmək üçün iki il gözlədim. Bizim dostluğumuz davam edir. Veriliş vasitəsilə yaxşı dostlar qazanmışam. Anar Məmmədxanovla yaxın dost idik. Onu da deyim ki, qohumlar, dostlar elə bilirlər Azərbaycanda nazirlə, rəsmi şəxslərlə nəyisə həll edə bilən adamam, onlarla görüşmüşəmsə, deməli, hamı ilə dostam və bütün məsələri həll edə bilərəm. Bu, belə deyil.

- Yəqin məmur dostlarınız çoxdur…

- Nisbətən... Ümumiyətlə, heç zaman vəzifəyə görə dostluq etmirəm. Məmur dostum da var, taksi sürücüsü dostum da. Həyatda hər şey nisbi və şərtidir. İnsana gördüyü işə görə dəyər verirlər.

- Latviyada bir milyon dəyərində restoranınızın olduğu doğrudurmu?

- Təəsüflər olsun ki, yox. Hətta 2 milyon dəyərində restoranımın olduğunu yazmışdılar.

- Sosial şəbəkədə tanınmışlar ailəsinin, övladlarının fotolarını paylaşır. Sizdə isə görmürük…

- İki qızım var. Nə vaxtsa övladlarımın fotosunu sosial şəbəkədə paylaşaram. Buna normal baxıram.

Rəqsanə Həsənova

FOTO: Elçin Murad