BAKI, 12 iyun. TELEQRAF
İran ABŞ ilə mümkün sazişlə bağlı hələ yekun qərar qəbul etməyib və prinsipial mövqelərindən geri çəkilmək niyyətində deyil.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, mümkün sazişin imzalanacağı vaxt və məkanla bağlı yayılan məlumatlar spekulyativ xarakter daşıyır.
Bəqayi qeyd edib ki, danışıqlar zamanı sənəd mətninin böyük hissəsi razılaşdırılıb. Bununla belə, ABŞ tərəfi müzakirələr prosesində öz mövqeyini dəfələrlə dəyişib.
“Biz heç bir halda qırmızı xətlərimizdən geri çəkilməyəcəyik”, - deyə İran XİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla sazişin bu həftəsonu Avropada imzalana biləcəyini istisna etməmişdi.
Bundan əvvəl "Fars" agentliyi İranın danışıqlar qrupuna yaxın mənbəyə istinadən xəbər vermişdi ki, Tehran ABŞ ilə münaqişənin nizamlanmasına dair hər hansı saziş mətnini hələ təsdiqləməyib.