BAKI, 12 iyun. TELEQRAF

ABŞ paytaxtı Vaşinqtonda meydana çıxan nəhəng “86 47” rəqəmləri hüquq-mühafizə orqanlarının araşdırmasına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Məlumata görə, onlarla metr ölçüsündə olan rəqəmlər İkinci Dünya Müharibəsi Memorialının yaxınlığındakı qazon sahəsində aşkarlanıb. Yerdən baxdıqda onlar sadəcə rəngi solmuş və ya tapdalanmış ot izləri kimi görünür. Yazının konturları yalnız yüksəklikdən, o cümlədən Corc Vaşinqton abidəsindən aydın seçilir.

Polis rəqəmlərin qazon üzərində hansı üsulla yaradıldığını müəyyənləşdirmək üçün araşdırmaya başlayıb. Hadisə yerindən torpaq və bitki nümunələri götürülüb.

ABŞ hakimiyyət orqanları “86 47” kombinasiyasını Prezident Donald Trampa qarşı mümkün təhdid kimi qiymətləndirir. Məlumata görə, ingilis dilində işlədilən “to 86” ifadəsi bəzi hallarda kiməsə zərər vurmaq və ya onu aradan götürmək mənasında yozulur. “47” rəqəmi isə ABŞ-ın 47-ci prezidenti olan Donald Trampa işarə kimi qəbul edilir.

Qeyd edək ki, 2025-ci ilin mayında Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komi sosial şəbəkədə dəniz sahilində düzülmüş “86” və “47” rəqəmlərinin fotosunu paylaşdıqdan sonra tənqid olunmuşdu. O, daha sonra paylaşımı silərək üzr istəmişdi.

Bu ilin aprelində isə ABŞ hakimiyyəti Komiyə qarşı prezidentə qarşı hədə-qorxu və zorakılıq çağırışları ilə bağlı ittiham irəli sürüb.