BAKI, 12 iyun. TELEQRAF
Livanın cənubunda İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı vurulub.
Teleqraf xəbər verir ki, bu barədə şiə hərəkatı "Hizbullah"ın "Teleqram" kanalında yayılan məlumatda bildirilib.
Məlumata görə, Nəbatiyyə şəhəri yaxınlığındakı Hərdali bölgəsinin səmasında görünən İsrailə məxsus "Hermes 450" pilotsuz uçuş aparatı yer-hava tipli raketlə vurulub.
"Hizbullah" əməliyyatın İsrailin atəşkəs rejimini pozmasına və Livanın şəhər və kəndlərinə davam edən hava zərbələrinə cavab olaraq həyata keçirildiyini bəyan edib.
Bundan əvvəl təşkilat Bəkaa vadisindəki Nəhlə bölgəsi üzərində uçan "Xeron-1" kəşfiyyat pilotsuz aparatının da yüksək dəqiqlikli raketlə vurulduğunu açıqlamışdı.
"Hizbullah"ın məlumatına əsasən, bölgədə baş verən digər hücumlar zamanı pilotsuz aparatlarla İsrail ordusuna məxsus iki "Merkava" tankı və bir "Caterpillar D9" buldozeri sıradan çıxarılıb. Həmçinin Rəşaf qəsəbəsində yerləşən qərargah və texniki təchizat məntəqəsinin minaatanlardan atəşə tutulduğu bildirilib.