BAKI, 12 iyun. TELEQRAF

2026-cı il futbol üzrə dünya çempionatının açılış görüşü turnirin tarixinə düşüb.

Teleqraf xəbər verir ki, Meksika şəhərindəki “Asteka” stadionunda keçirilən Meksika – Cənubi Afrika Respublikası matçında baş hakim, braziliyalı Vilton Sampayo ümumilikdə üç qırmızı vərəqə göstərib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 49-cu dəqiqəsində Cənubi Afrika Respublikasının futbolçusu Sfifelo Sitxoul aşkar qol imkanının qarşısını aldığı üçün meydandan qovulub. Oyunun 84-cü dəqiqəsində VAR sisteminin müdaxiləsindən sonra Tembe Zvaneyə kobud oyuna görə qırmızı vərəqə göstərilib.

Əlavə vaxtın ikinci dəqiqəsində isə Moskvanın “Lokomotiv” klubunda çıxış edən Meksika millisinin müdafiəçisi Sezar Montes rəqibin aşkar qol imkanını pozduğuna görə meydandan kənarlaşdırılıb.

Beləliklə, dünya çempionatlarının açılış oyunları tarixində ilk dəfə bir qarşılaşmada üç qırmızı vərəqə göstərilib.

Bundan əvvəl açılış matçlarında ən çox qırmızı vərəqə 1990-cı il dünya çempionatında qeydə alınmışdı. Həmin vaxt Argentina və Kamerun yığmaları arasında keçirilən oyunda Kamerun millisinin iki futbolçusu meydandan qovulmuşdu.

Dünya çempionatları tarixində bir oyunda ən çox qırmızı vərəqə isə 2006-cı ildə göstərilib. Portuqaliya və Niderland yığmaları arasında keçirilən 1/8 final görüşündə rusiyalı hakim Valentin İvanov hər komandadan iki futbolçunu meydandan kənarlaşdırmışdı.