BAKI, 20 oktyabr. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi təqdirdə Donald Trampın dəstəyini qazanacağına inandığını bildirib.
Teleqraf xəbər verir ki, Vens bu barədə “2WAY” portalına müsahibəsində danışıb.
“Düşünürəm ki, prezident seçkilərində iştirak etsəm, Tramp məni dəstəkləyər”, – vitse-prezident deyib.
Bununla belə, Vens 2028-ci il seçkilərində iştirakla bağlı hələ qərar vermədiyini və bu məsələni Trampla müzakirə etmədiyini vurğulayıb.
“Hazırda bütün diqqətim Konqresə aralıq seçkilərə yönəlib. Noyabrın əvvəlində mümkün qədər çox respublikaçının seçilməsini istəyirəm. 2028-ci ildə nə edəcəyimə hələ qərar verməmişəm. Bu barədə Trampla danışmamışam”, – o bildirib.
Qeyd edək ki, Vens daha əvvəl “CBS News” telekanalına müsahibəsində də 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürmək ehtimalını istisna etməyib.
Donald Tramp isə iyun ayında “Fortune” jurnalına müsahibəsində 2028-ci il seçkilərində “Öncə Amerika” siyasətini davam etdirə biləcək mümkün siyasi varisinin kimliyi barədə suala cavab verməkdən yayınıb.
ABŞ mediasında vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürə biləcək siyasətçilər sırasında göstərilir.