BAKI, 17 oktyabr. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatasına Rusiya dizel yanacağının ABŞ-yə tədarükü ilə bağlı Vaşinqton və Moskva arasında əldə edilmiş razılaşmanın həyata keçirilməsini əngəlləməyi nəzərdə tutan qanun layihəsi təqdim olunub.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qanun layihəsini Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində demokratların aparıcı nümayəndəsi Qreqori Miks hazırlayıb. Sənədi daha 17 konqresmen – 16 demokrat və bir respublikaçı dəstəkləyib.
Layihədə ABŞ Maliyyə Nazirliyinin oktyabrın 9-da verdiyi və Rusiya dizel yanacağının 2027-ci il aprelin 7-dək dünya bazarlarına tədarükünü Amerika sanksiyalarından azad edən ümumi lisenziyanın ləğvi nəzərdə tutulur.
Bundan başqa, Rusiyanın enerji daşıyıcılarına tətbiq edilən məhdudiyyətləri yumşaldan digər lisenziyaların da ləğv edilməsi və Maliyyə Nazirliyinə üç il ərzində yeni güzəştlər verməyin qadağan olunması təklif edilir.
Sənəd ABŞ-nin Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının Rusiya enerji daşıyıcıları ilə bağlı hər hansı razılaşmada iştirakını da qadağan etməyi nəzərdə tutur.
Qanun layihəsində Vaşinqton administrasiyasından Rusiyaya qarşı mövcud sanksiyaların tətbiqini gücləndirmək və əlavə məhdudlaşdırıcı tədbirlər görmək tələb olunur.
Xatırladaq ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər neft və neft məhsullarının tədarükü məsələsini də müzakirə ediblər.
Putin Rusiyanın ABŞ və dünya bazarlarına neft və neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə ölkəsinin dizel yanacağının ixracına qoyulmuş qadağanı nəzərdə tutulandan əvvəl aradan qaldırmağa başladığını açıqlayıb.
Onun sözlərinə görə, Rusiya oktyabrda 300 min ton, noyabrda 500 min ton, dekabrda isə 1 milyon ton dizel yanacağı tədarük etməyə hazırdır. Gələcəkdə bu həcmin ayda 3 milyon tona çatdırılması planlaşdırılır.
Qeyd edək ki, qanun layihəsi hələ qəbul edilməyib və qüvvəyə minməsi üçün Konqresdə müvafiq qanunvericilik prosedurlarından keçməlidir.