BAKI, 21 oktyabr. TELEQRAF
Dortmund “Borussiya”sının qapıçısı Qreqor Kobel “Sabah”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf xəbər verir ki, o, komandasının qələbəsi, yaradılan qol imkanlarından istifadə edə bilməmələri və qarşıdakı matçlar barədə danışıb:
– “Sabah”la oyunu necə dəyərləndirirsiniz? Komandanızın qələbə qazanmasına baxmayaraq, qarşılaşma niyə gözləniləndən daha çətin keçdi?
– İlk növbədə, çoxlu qol imkanları yaratdıq, bu, müsbət məqam idi. Amma hesabı daha erkən artırıb oyunun taleyini həll etmək üçün çox vaxt itirdik. Daha əvvəl bir-iki qol vursaydıq, özümüzü daha rahat hiss edərdik, oyunun davamı da asan keçərdi. Düşünürəm ki, daha çox qol vura bilərdik.
Buna baxmayaraq, ən vacibi 3 xal almaq idi və buna nail olduq. Bununla belə, oyundan sonra bir qədər məyusluq var idi. Çünki dörd-beş qol vurmaq üçün kifayət qədər imkanlarımız olmuşdu.
– Son oyunlarda da qol imkanlarından istifadə etməkdə çətinlik çəkirdiniz, bu dəfə isə kifayət qədər fürsət oldu. Sizcə, nə dəyişmişdi?
– Bu oyunu əvvəlki qarşılaşmalarla müqayisə etmək düzgün deyil. Son oyunlarda çox az qol vəziyyəti yaradırdıq, real qol fürsətlərimiz az olurdu. Bu gün isə vəziyyət fərqli idi, kifayət qədər şansımız oldu.
Bununla belə, iki dəfə topu asanlıqla itirdik və bununla rəqibin yenidən oyuna qayıtmasına şərait yaratdıq. Hücumda yaradılan fürsətlərdən bir-ikisini də qola çevirsəydik, matç bizim üçün daha rahat keçərdi.
– Oyundan sonra daha böyük hesablı qələbə qazana bilmədiyinizə görə məyus idiniz?
– Bəli, oyundan sonra bir qədər məyusluq hiss olunurdu, çünki daha çoxunu edə biləcəyimizi anlayırdıq. 4-5 qol vurub oyunu böyük hesabla bitirmək olardı. Amma müsbət tərəfi odur ki, qol imkanları yaratdıq, bu artıq ciddi irəliləyişdir.
Xüsusilə ilk 20 dəqiqədə çox yaxşı oynadıq. Sadəcə, rəqibin oyunda həddindən artıq uzun müddət qalmasına imkan verdik. Hesabın yaxın olduğunu görən rəqib də şansının olduğuna inanmağa başladı. Biz isə daha inamlı oynayıb məsələni daha tez həll etməli idik.

– Müdafiə xəttinizin çıxışını necə qiymətləndirirsiniz?
– Son oyunlarda da vəziyyət əsasən belədir — rəqiblər qapımız qarşısında çox ciddi təhlükə yarada bilmirlər. Müdafiəçilərimiz əla iş görürlər. Əlbəttə, komandama kömək etməkdən və qapını toxunulmaz saxlamağa çalışmaqdan məmnunam. Mən də daim diqqətli olmalı və lazım gələndə müdaxilə etməyə hazır olmalıyam.
– Qarşılaşmanın sonlarına yaxın irəli çıxmaq qərarınız barədə nə deyə bilərsiniz? Müdafiə ilə aranızda anlaşılmazlıq var idi?
– Xeyr, cərimə zərbəsi zamanı müdafiə xəttinin irəli çıxması doğru qərar idi. Top kifayət qədər sərt göndərilmişdi. Belə epizodlarda qərar vermək çətinləşir. Özün qiymətləndirməlisən ki, irəli çıxmaq lazımdır, yoxsa qapıda qalmaq. Məncə, belə vəziyyətlərdə şanslar bərabər olur. Bu epizodu qiymətləndirmək həqiqətən çətindir.
– Qarşıda “Ayntraxt” və Almaniya kubokunda “Verder”lə çətin oyunlar var. “Sabah” üzərindəki qələbə komandaya nə dərəcədə kömək edəcək?
– Qələbə qazanmaq həmişə vacibdir. Bizi çətin oyunlar gözləyir. Bu matçlara yaxşı hazırlaşmalı və bugün yaradığımız qol imkanlarını növbəti oyunlarda daha yaxşı dəyərləndirməyə çalışmalıyıq.