BAKI, 21 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından Konqresin Nümayəndələr Palatasının üzvü İlhan Ömərin həbs oluna biləcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ liderindən Minnesota ştatını təmsil edən konqresmenin Amerika vətəndaşlığını alarkən qanun pozuntusuna yol verdiyi sübuta yetirilərsə, ölkədən deportasiya olunmasının mümkünlüyü soruşulub.
“Bu mümkündür. O, həbs də oluna bilər”, – deyə Tramp bildirib.
Prezident Öməri sərt tənqid edərək onun ABŞ-yə qarşı mənfi münasibət bəslədiyini iddia edib. Tramp həmçinin konqresmenin doğulduğu Somali barədə kəskin ifadələr işlədib.
Ötən həftə Ağ Ev ABŞ Ədliyyə Nazirliyinin konqresmen barəsində araşdırma apardığını təsdiqləyib.
“The Wall Street Journal”ın məlumatına görə, istintaqın məqsədlərindən biri Ömərin ABŞ vətəndaşlığından məhrum edilməsi və sonradan deportasiyası üçün hüquqi əsasların olub-olmadığını müəyyənləşdirməkdir. Araşdırma onun ailəsi ilə birlikdə 1995-ci ildə Somalidən ABŞ-yə köçməsindən sonra vətəndaşlıq alması prosesini əhatə edir.
Oktyabrın 12-də federal müstəntiqlər konqresmenin Vaşinqtondakı evində məhkəmə qərarı əsasında axtarış aparıblar. Ömər ittihamları rədd edərək Tramp administrasiyasını siyasi rəqiblərini qorxutmaq üçün hüquq-mühafizə orqanlarından istifadə etməkdə günahlandırıb.
Qeyd edək ki, İlhan Ömər noyabrın 3-də keçiriləcək aralıq seçkilərində Nümayəndələr Palatasına yenidən seçilmək uğrunda mübarizə aparır.