BAKI, 1 oktyabr. TELEQRAF
“Mançester Siti”nin sabiq baş məşqçisi Xosep Qvardiola klubun maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsinə münasibət bildirib.
Teleqraf xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“İstəyirəm ki, "Mançester Siti"nin hər bir azarkeşi bilsin: mən indi sizinlə əvvəlkindən daha çox birlikdəyəm. Mən həmişə klubu, rəhbərliyi, futbolçuları, əməkdaşları və siz unikal azarkeşləri dəstəkləmişəm və bundan sonra da dəstəkləyəcəyəm. Biz bu çətinlikdən birlikdə çıxacağıq. Hamınızı sevirəm”, – Qvardiola bildirib.
Məlumata görə, İngiltərə Premyer Liqasının müstəqil komissiyası “Mançester Siti”ni maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülmüş ittihamların, demək olar ki, hamısı üzrə təqsirli bilib.
Komissiyanın qənaətinə əsasən, klub 2009–2018-ci illərdə bir sıra kommersiya tərəfdaşları ilə saxta müqavilələr bağlayaraq gəlirlərini süni şəkildə artırıb və xərclərini azaldıb. Bu əməliyyatların ümumi məbləğinin 900 milyon funt-sterlinqdən çox olduğu bildirilir.
Araşdırma zamanı klubun maliyyə hesabatlarında təhriflərə yol verdiyi, real maliyyə vəziyyətini auditorlardan və futbol qurumlarından gizlətdiyi müəyyən edilib.
Komissiya klubun İngiltərə Premyer Liqası və UEFA-nın müəyyən etdiyi maliyyə limitlərini də pozduğu qənaətinə gəlib.
“Mançester Siti” isə ittihamları rədd edib və qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb. Klubla bağlı yekun sanksiyalar hələ müəyyənləşdirilməyib.