BAKI, 27 noyabr. TELEQRAF

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil infrastrukturunun bərpası və inkişafı istiqamətində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri davam etdirilir.

Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərə ərazilərində 15 yeni məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir.
Xocavənd şəhər 1 nömrəli, Xocavənd rayon Qırmızıbazar qəsəbə, Sos və Quzeyxırman kənd körpələr evi-uşaq bağçalarının, Ağdam şəhər 1 nömrəli, Ağdam rayon Sarıcalı və Kəngərli kənd körpələr evi-uşaq bağçalarının, eləcə də Xankəndi şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışı həyata keçirilib.

Xocalı rayon Təzəbinə, Daşbulaq, Şuşakənd kənd körpələr evi-uşaq bağçası, Xocavənd rayon Xanoba kənd körpələr evi-uşaq bağçası, Ağdərə rayon Vəngli, Həsənriz, Aşağı Oratağ kənd körpələr evi-uşaq bağçasının yaxın günlərdə açılışının həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yeni müəssisələrin istifadəyə verilməsi azad edilmiş ərazilərdə uşaqların məktəbəqədər təhsilə əlçatanlığının artırılması və onların erkən yaşlardan təlim-tərbiyə prosesinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.