BAKI, 18 iyun. TELEQRAF
ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli Vaşinqton və Tehran arasında anlaşma memorandumunu sərt tənqid edərək, bunu “böyük səhv” adlandırıb.
Teleqraf xəbər verir ki, o, İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə çağırıb.
Diplomat bildirib ki, bu razılaşma faktiki olaraq, ABŞ-nin müharibədə hədəf aldığı təhlükəni bərpa etmək üçün pul ödəmək deməkdir:
“İran rejiminin nüvə və raket obyektlərinə hücum düzgün addım idi. Bu rejim “Amerikaya ölüm” şüarları səsləndirir, hərbçilərimizi öldürür və Amerika torpağında amerikalılara sui-qəsd cəhdi edir. Onlar bizi məhv etməyə borclu olduqlarına inanırlar.
İndi onlara milyardlarla dollar ayrılacaq, sanksiyalar ləğv ediləcək, özü də, daha çox pulun yolda olduğu vədi ilə. İran keçmişdə olduğu kimi, bundan sonra da pulları nüvə proqramının inkişafına və proksi qüvvələri dəstəkləməyə xərcləyəcəklər. Yenicə məhv etdiyimiz təhlükəni bərpa etmək üçün pul ödəmək böyük səhvdir”.