BAKI, 12 aprel. TELEQRAF
ABŞ İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz sosial media hesabında paylaşım edib.
Dövlət başçısı Tehranın nüvə ambisiyalarından əl çəkməməsini qlobal təhlükəsizlik üçün ciddi təhdid adlandırıb.
Prezident bildirib ki, Pakistanda ABŞ nümayəndə heyəti ilə İran tərəfi arasında təxminən 20 saat davam edən müzakirələr aparılıb.
Dövlət başçısı İslamabadda keçirilən görüşlər barədə vitse-prezident Ceyms Devid Vens, xüsusi nümayəndə Stiven Uitkoff və Cared Kuşner tərəfindən ətraflı məlumatlandırıldığını bildirib.
D. Tramp Pakistan rəhbərliyinin – feldmarşal Asim Munir və Baş nazir Şahbaz Şərifin vasitəçilik rolunu yüksək qiymətləndirib:
"Onlar fövqəladə şəxsiyyətlərdir. Hindistanla baş verə biləcək dəhşətli müharibənin qarşısını alaraq 30-50 milyon insanın həyatını xilas etdiyim üçün mənə mütəmadi olaraq təşəkkür edirlər. Burada bəhs edilən bəşəriyyətin miqyası ağlasığmazdır”.
Onun sözlərinə görə, İran tərəfi Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı verdiyi vədləri yerinə yetirməyib:
“Tehranın dənizdə mina yerləşdirməsi ilə bağlı iddiaları beynəlxalq gəmiçilik sektorunda qeyri-müəyyənlik yaradaraq ciddi iqtisadi çətinliklərə yol açıb”.
ABŞ lideri bu hərəkətləri dünya miqyaslı bir təzyiq və şantaj vasitəsi adlandırıb.
Donald Tramp qeyd edib ki, ABŞ nümayəndə heyəti ilə İran tərəfi arasında keçirilən danışıqlarda qarşılıqlı hörmət müşahidə olunsa da, Tehran nüvə proqramı məsələsində mövqeyini dəyişməyib:
“İran heç vaxt nüvə silahına sahib olmayacaq”.