BAKI, 3 noyabr. TELEQRAF
ABŞ Ədliyyə Nazirliyi ötən federal seçkilərdə törədilmiş qanun pozuntuları ilə əlaqədar 63 nəfərə qarşı ittiham irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Nazirliyin saytında dərc olunan press-relizdə bildirilib ki, 63 nəfər, o cümlədən 4 qeyri-qanuni miqrant qanunsuz səsvermə, saxta seçici kimi qeydiyyatdan keçmə və seçki prosesi ilə bağlı digər cinayətlərdə ittiham olunub.
Məlumata əsasən, təqsirləndirilən şəxslərin böyük əksəriyyəti ABŞ vətəndaşı deyil, amma ölkədə qanuni əsaslarla yaşayırlar. Onların demək olar, hamısı seçkilərdə iştirak etmək üçün ABŞ vətəndaşlığına malik olduqları barədə bilərəkdən yalan məlumat verməyə cəhd edib və ya vətəndaş olmadıqları halda səsvermədə iştirak ediblər.
İttihamların əksəriyyəti 2024-cü ildə ABŞ-də keçirilmiş prezident seçkilərində qanunsuz iştirakla bağlıdır. Bununla yanaşı, təqsirləndirilən şəxslərdən biri 2008-ci ildən bəri keçirilən 9 ümumi seçkidə, digəri isə 2000-ci ildən bəri keçirilən 12 ümumi seçkidə ABŞ vətəndaşı olmadığı halda səs verib.
Nazirliyin məlumatına görə, Donald Trampın 2025-ci ilin yanvarında ABŞ Prezidenti vəzifəsinə başlamasından bəri seçki cinayətləri ilə bağlı ümumilikdə 239 nəfərə qarşı ittiham irəli sürülüb.