BAKI, 23 yanvar. TELEQRAF
NATO baş katibi Mark Rutte Davos Dünya İqtisadi Forumu zamanı baş verən gözlənilməz diplomatik dönüşdən sonra ABŞ Prezidenti Donald Trampla Avropa İttifaqı liderləri arasında əsas vasitəçisinə çevrilib.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ lideri NATO rəhbəri ilə görüşdən sonra Qrenlandiya ilə bağlı güc tətbiqi təhdidlərindən imtina edib və Avropa İttifaqı ölkələrinə qarşı ticarət tariflərinin tətbiqini dayandırıb.
Cəmi bir neçə gün əvvəl Avropa liderləri Trampın Qrenlandiya üzərində ABŞ nəzarətinin mümkünlüyü ilə bağlı sərt bəyanatları fonunda Vaşinqtonla münasibətlərdə ciddi böhrana hazırlaşırdılar. Davosda çıxış edən ABŞ Prezidenti Avropa İttifaqını kəskin tənqid etsə də, adanın güc yolu ilə ilhaqının həyata keçirilməsi ssenarisini istisna edib ki, bu da gərginliyin azalmasına imkan verib.
Növbəti dönüş Trampla Rutte arasında aparılan danışıqlardan sonra baş verib. Danışıqların yekununda ABŞ Prezidenti Qrenlandiya ilə bağlı çərçivə razılaşmasının əldə olunduğu və onun planlarına qarşı çıxan Aİ ölkələrinə gömrük rüsumlarının tətbiqindən imtina etdiyini açıqlayıb. Mümkün razılaşmanın detalları hələlik açıqlanmır.
NATO mənbələrinə görə, Rutte Danimarkanın Qrenlandiya üzərində suverenliyi ilə bağlı güzəştə getməyib. Danışıqlar Arktikanın təhlükəsizlik məsələlərinə yönəlib.
Gərginliyin azalmasına baxmayaraq, böhran hələ bitməyib. CNN qeyd edir ki, Tramp ABŞ-nin Qrenlandiya üzərində nəzarətində israrlıdır, Vaşinqton, Kopenhagen və Nuuk arasında danışıqlar davam edəcək. Aİ liderləri də transatlantik münasibətlərin sabitliyinin kövrək qaldığının fərqində olaraq yeni məsləhətləşmələrə hazırlaşırlar.