BAKI, 29 dekabr. TELEQRAF

Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Trampın Floridada baş tutan görüşü təxminən üç saat davam etsə də, yekunda tərəflər müharibənin dayandırılması ilə bağlı ciddi irəliləyiş elan etməyib.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Donald Tramp əvvəlki kimi Moskvaya yaxın mövqelər tutur. Bununla belə, bəzi əvvəlki görüşlərdən fərqli olaraq, Tramp Zelenskini tərifləyib, sülhün yaxın olduğuna əminliyini bildirib.

Müharibə ya bitəcək, ya da qeyri-müəyyən müddətədək davam edəcək

Tramp müharibəni dayandırmaq üçün konkret vaxt çərçivəsinin olmadığını israrla bəyan edib. Amma intensiv danışıqların getdiyi indiki mərhələnin müharibənin qəti şəkildə başa çatdırılması üçün ən uyğun zaman olduğuna da eyham vurub.

“Düşünürəm ki, danışıqların son mərhələsindəyik. Ya bitəcək, ya da uzun müddət davam edəcək və milyonlarla insan həlak olacaq”, - Amerika lideri qeyd edib.

ABŞ lideri sülh danışıqlarının tempindən məyusdur və münaqişənin davam etməsinə görə həm Zelenski, həm də Putini günahlandırır. Heç bir mühüm bəyanatla nəticələnməyən görüş razılığa gəlməyin o qədər də asan olmadığını göstərir.

Tramp tez-tez işlətdiyi “bir neçə həftə” ifadəsini yenidən səsləndirib: “Bəlkə də bu baş verməyəcək. Bir neçə həftəyə bunu dəqiq biləcəyik”.

Putin yox idi, amma yaddan çıxmadı

Rusiya lideri Vladimir Putin görüşdə fiziki olaraq iştirak etməsə də, öz varlığını hiss etdirdi. Tramp Zelenski ilə danışıqlardan əvvəl Putinlə telefonla bir saatdan çox danışmışdı. Tramp həmçinin Zelenski ilə görüşdən sonra da Putinlə yenidən danışacağını bildirdi.

Bu sxem keçmişdə Ukraynanın tərəfdarlarında narahatlıq doğurmuşdu: Tramp Zelenski ilə görüşdən əvvəl Putinin mövqeyini dinləyir, sonrakı görüş uğursuzluqla nəticələnirdi. Bu dəfə isə Trampın Putinlə söhbəti Zelenski ilə müsbət görüşü istisna etmədi. Bununla belə, Tramp Putini bir məsələdə təriflədi - danışıqlarda əsas maneələrdən biri olan Zaporojye AES-lə bağlı davranışına görə.

“Prezident Putin həqiqətən də Ukrayna ilə birlikdə onun açılması üzərində işləyir. Onun bu stansiyanı bombalamaması böyük addımdır”, - ABŞ Prezidenti deyib.

Tramp əlavə edib ki, Putinin sülhə ciddi yanaşdığına hələ də inanır.

Son 10 faiz

Görüşdən əvvəl Zelenski sülh planının şərtlərinin 90 faizinin razılaşdırıldığını söyləmişdi və amerikalı rəsmilərin də istifadə etdiyi bu rəqəmi təkrarlamışdı. Zelenski görüşdə də eyni rəqəmi yenidən səsləndirdi, Tramp isə faizlərdən istifadə etməyi sevmədiyini qeyd edib. Amma məhz qalan 10 faiz ən çətin məsələləri əhatə edir. Əsas maneələrə Zaporojye AES-in taleyi və ərazi məsələləri daxildir. Tramp Ukraynanın Rusiyanın daha da irəliləyişindən əvvəl indi ərazi güzəştlərinə getməsinin daha yaxşı ola biləcəyini irəli sürüb.

“Bu torpaqların bir hissəsi artıq ələ keçirilib. Bir hissəsi isə, ola bilsin, ələ keçirilsin. Bu, bir neçə ay ərzində baş verə bilər. Elədirsə, indi razılaşmaya gəlmək daha yaxşı deyilmi?”, - o vurğulayıb.

Görüşdən əvvəl Zelenski çeviklik nümayiş etdirərək bildirib ki, istənilən sülh razılaşmasını referendumda müzakirəyə çıxarmağa hazırdır. Amma o, razılaşmaya əməl olunması üçün atəşkəsin vacib olduğunu söyləyib.

Rusiya isə atəşkəslə bağlı istənilən müzakirədən imtina edir. Trampın Putinlə telefon danışığı zamanı hər iki lider “ümumilikdə oxşar baxışları bölüşdüklərini” və müvəqqəti atəşkəsin münaqişəni yalnız uzadacağını bildirdilər.

Mürəkkəb münasibətlər

Fevralda baş tutmuş ilk, fəlakətli görüşdən sonra Trampın ikinci prezidentlik müddətində onun Zelenski ilə hər görüşünün tonu və xarakteri diqqətlə izlənilir. Sonrakı danışıqların heç biri o qədər sərt qarşıdurmaya çevrilməsə də, bəziləri qapalı qapılar arxasında çətin keçmiş kimi təsvir olunub.

Zelenskini Palm-Biçdəki malikanəsində qarşılayarkən Tramp ona minnətdarlığını bildirib: “Bu cənab çox çalışıb, o, çox cəsurdur, onun xalqı da çox cəsurdur”.

Zelenski çıxışına Trampa təşəkkürlə başlayıb və elə də bitirib. Bu, ABŞ Prezidenti və vitse-prezident Ceyms Devid Vensin fevralda onu Amerika rəhbərliyinə kifayət qədər minnətdarlıq göstərməməkdə tənqid etməsini nəzərə alsaq, diqqətçəkən məqamdır.

Tramp keçmişdə Mar-a-Laqo iqamətgahını Çin Sədri Si Cinpin və Yaponiyanın mərhum baş naziri Şinzo Abe də daxil olmaqla, dünya liderləri ilə sıx şəxsi münasibətlər qurmaq üçün istifadə edib. Bazar günü keçirilən görüşün əsas məqsədi bu olmasa da, Zelenski Palm-Biçə Trampın bayramları burada keçirməsi səbəbilə gəlmişdi. Amma buradakı mühit Oval ofis və ya Ağ Evin digər otaqlarından daha qeyri-rəsmi idi.