BAKI, 1 dekabr. TELEQRAF
Noyabrın 30-da ABŞ və Ukrayna nümayəndələri arasında Floridada baş tutan məsləhətləşmələr çətin keçib, əsasən ərazi məsələlərinə həsr olunub.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” məlumat verib.
Ukraynalı rəsmilər portala bildiriblər ki, danışıqlar çətin və gərgin olsa da, məhsuldar olub. Qeyd edilib ki, məsləhətləşmələrdə diqqət ABŞ-nin sülh planına uyğun olaraq Rusiya ilə faktiki sərhədin haradan keçəcəyi məsələsinə fokuslanıb.
Mənbə deyib ki, ABŞ Ukraynadan Rusiyaya ərazi verməsini istəyir. Bu məqsədlə görüşün əsas hissəsi ərazi məsələsinə həsr olunub.
Floridada keçirilən məsləhətləşmələrdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio, prezidentin xüsusi elçisi Stiven Uitkoff və Cared Kuşner, Ukraynadan isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsiya iştirak edib.
Xatırladaq ki, ABŞ bundan əvvəl Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair 28 bənddən ibarət plan təklif edib. Plan Rusiyanın xeyrinə Ukraynadan ciddi güzəştləri nəzərdə tutur.