BAKI, 5 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin bütün çətinliklərə baxmayaraq həll oluna biləcəyinə əminliyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə Almaniya Kansleri Fridrix Mertslə görüşdə müvafiq bəyanatla çıxış edib.
Amerika liderinin sözlərinə görə, o, Mertslə müntəzəm olaraq Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı məsələləri müzakirə edir.
“Biz bunun bitməsini istərdik, bəlkə də bitəcək. Döyüşlərin olacağına dair xəbərlər var. Bir neçə gün əvvəl nəsə olub”, - deyən Tramp nə özünün, nə də Almaniya kanslerinin bundan məmnun olduğunu qeyd edib.
“Ancaq mən hesab edirəm ki, son nəticədə biz qan tökülməsini dayandırmağa nail olacağıq”, - Ağ Evin sahibi vurğulayıb.
Həmçinin Donald Tramp Ukrayna ilə bağlı razılaşma olmayacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazır olduğunu açıqlayıb.
Rusiyaya qarşı sərt sanksiyaların sərtləşdirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Tramp bildirib ki, sazişin bağlanmayacağı və müharibənin bitməyəcəyi məlum olarsa, belə bir addıma icazə verəcək. Amerika lideri qeyd edib ki, çox sərt mövqe tutmaq üçün özünə son tarix qoyub: “Açığını deyim ki, bu, hər iki ölkəyə şamil edilə bilər”.
Dövlət başçısı əlavə edib ki, ABŞ Konqresindəki respublikaçılar onun Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsi ilə bağlı göstərişlərinə əməl edəcəklər.