BAKI, 4 noyabr. TELEQRAF

"Peşəkar fiskal idarəetmədə cari xərclərin, qeyri-neft gəlirlərinin artım tempi və inflyasiya ilə müqayisə olunur. Büdcə zərfinə əsasən, fiskal dayanıqlılığın əsas şərtlərindən biri kimi ortamüddətli dövrün sonuna qeyri neft-qaz gəlirləri hesabına cari xərclərin tam qarşılanması proqnozlaşdırılır. Hesab edirik ki, bu, makroiqtisadi sabitlik və resurs asılılığının azaldılması baxımından mühüm indikatordur və təqdirəlayiq hədəfdir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

"Eyni zamanda, əvvəlki rəylərimizdə də bildirdiyimiz kimi, bu məqsəd üçün əsas hədəf göstəriciləri olan cari xərclər, qeyri-neft gəlirlərinin və yaxud daha geniş anlayışla ifadə etsək, qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik. Məsələn, qanunvericiliyin tələbləri əsasında hesablamalarımıza əsasən, qeyri-neft sektoru üzrə təmin olunmalı gəlirlərin dəqiqləşdirilməsinə zərurət var. Belə ki, Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt qiyməti ilə respublikadaxili müəssisə topdansatış qiyməti arasındakı fərqdən büdcəyə yığımlar 98 milyon manat məbləğində nəzərdə tutulur və bu məbləğ dövlət büdcəsinin neft-qaz gəlirlərinə aid edilir. Lakin “Büdcə sistemi haqqında” qanuna əsasən, dövlət büdcəsinin neft-qaz gəlirlərinə ARDNŞ-in ödədiyi vergilər daxil edilir. Yuxarıda qeyd olunan mənbə isə vergi ödənişi deyil", - deyə Palata sədri bildirib.