​BAKI, 6 aprel. TELEQRAF

Yenicə yutub auditoriyasına çıxarılan "Ayıq sürücü" filmi cəmiyyətin diqqətini çəkərək, sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Amma bu maraq sənət uğuruna görə deyil, doğurduğu narazılıqlardan yanadır.

22 dəqiqəlik bu ekran işinin ssenarisi iki nəfərlik yeyib-içmək məclisinin fonunda başlayır. Məclisin sonunda isə ayıq sürücü çağırılır. Sürücü məkana çatdıqdan sonra süfrəyə dəvət olunur. Rəhmanın israrlı təklifləri qarşısında o da nəhayət içki məclisinə qoşulur. Hətta Rəhman ona “bajoğlu” deyə müraciət edərək, müəyyən məbləğdə pul da uzadır: “Otur, mənimlə yeyib-iç, səhər işə də getməzsən”.

Bu səhnə "ayıq sürücü" obrazının öz mahiyyətinə zidd bir istiqamətə çəkildiyini göstərir.

Təkzib etmirəm ki, cəmiyyətdə bu tip sürücülər yoxdur, yaxud belə hallar baş vermir, təbii ki, rast gəlinə bilər, bəlkə də çox. Amma sənətdə bu tip nümunələrin təqdimatı məsuliyyətli yanaşma tələb edir. Real hadisəni canlandırmaqla yanaşı, onun tamaşaçıya necə ötürüldüyü, hansı baxış bucağından göstərildiyi də az əhəmiyyət daşımır.

Əlqərəz, məqamı gəlir, "dayı-bajıoğlu" yaxşıca yeyib-içdikdən sonra üçüncü bir adamın - dayının kiçik qardaşının maşınına minib, dağlışmaq qərarına gəlirlər.

Və ən ağlasığmaz məqam: vəziyyəti yerdən göyə götürmüş kefli "ayıq sürücü" maşında dilə gəlib deyir ki, 67 yaşlı bir dul qadınla tanış olub və neçə gündür bundan əl çəkmir, görüşmək istəyir. Elə fürsətdən istifadə edib, gecə onun yanına Buzovnaya gedir.

Bəli, Buzovna, Ayna Sultanova küçəsi...

Bax, əsas narazılıq doğuran məqam da məhz bu nöqtədən sonra başlayır. Əgər bu film hörmətli rejissorun nəzərində yalnız bir tamaşaçı təxəyyülünün məhsulu kimi düşünülsəydi, əminəm ki, bu qədər etirazla qarşılanmazdı. Amma burada konkret məkan, konkret küçə adı çəkilir və bununla da orada yaşayan minlərlə insanın heysiyyətinə toxunulur. Bəlkə o qədər də böyük olmayan bir qəsəbə - kəndin küçəsinin adı çəkilməməliydi, azca düşünsək...

Odur ki, filmi yaradıcılıq sərbəstliyi altında gizlənən, əslində isə cəmiyyətə qarşı laqeyd münasibətin nümunəsi kimi başa düşmək çətin deyil.

İnsanları da ən çox incidən budur ki, ekran işində yaşlı nəsil açıq şəkildə ələ salınır. “Pasteli nətərdir?” sualına "yaşlı olmağına baxma, canı hələ də suludur", ardınca isə “Zalım qızı doymaq bilmir...” cavabı verilir. Bu ifadələr 23-25 yaşlı bir oğlanın 67 yaşlı bir qadın haqqında işlətdiyi ifadələrdir. Mənə görə, bu, nəinki etikadan uzaq, həm də böyük nəsli alçaldan, onları rəzil bir obrazda təqdim edən yanaşmadır. Bu yaş bizim nənələrimizin, analarımızın yaşıdır. Onları belə təsvir etmək, gənc nəslin gözündə bu şəkildə canlandırmaq cəmiyyətin öz köklərinə, öz böyüklərinə olan münasibətini zədələməkdir. O yaşda bu tip qadınlar var-yoxdu, o ayrı müzakirənin mövzusudur.

Filmi ekranlaşdıranlar bəlkə də iddia edəcəklər ki, reallığı göstərmək istəyiblər. Amma burada ciddi bir sual ortaya çıxır: bu "reallıq” cəmiyyətin hansı problemini həll etməyə yönəlib? Ayıq sürücünün içməsi, yaşlı qadınla cinsi münasibətə komik yanaşılması hansı sosial mesajı verir? Axı bu, təkcə eybəcərlikdən ibarət deyil.

İctimai dəyərlər, ailə bağları, nəsillərarası hörmət – bunlar da həyatın gerçək tərəfləridir. Niyə məhz bunların deyil, yalnız filmdə çirkinliyin altı cızılır?

Haqlı irad və narazılıqlardan sonra film indi “sənət azadlığı”nın arxasına sığınıb. Amma məsuliyyətsiz ifadələrlə cəmiyyətin dəyərlərini hədəfə gətirməsi faktı "Ayıq sürücü" nü bu sığınacaqda saxlaya bilməz.

Azadlıq - bəli, vacibdir. Həm həyatda, həm də sənətdə. Amma bu azadlıq heç vaxt heç kimə müəyyən dəyərləri aşağılamaq hüququ vermir.

Buzovnada yaşayan insanlar bu filmi niyə qəbul etmirlər? Çünki onların fikrincə, ünvanları, məkanları, həm də mənlikləri bu ekran işində “eyş-işrət” nöqtəsinə çevrilib. Sənət insanın həyatına, gündəlik yaşantısına, hisslərinə müsbət mənada toxunmursa, o zaman bu sənət kimə və nəyə lazımdır?

Sakinlər israrla təkid edirlər ki, film ləğv olunmalıdır. Film ləğv olunsunmu? Bu, açıq sualdır. Amma belə nümunələr digər hörmətli rejissorlar tərəfindən gələcəkdə nütləq nəzərə alınmalıdır.

Çünki ta əvvəldən indinin özündək sənətin - istər teatrın, istərsə də kinonun əsas qayəsi cəmiyyətin maariflənməsi və tərəqqisinə xidmət etmək olub.

Əgər biz sənətin yaratdığı etibarı da itiririksə, deməli, doğrudan da, heç kimə və heç nəyə etibar qalmayacaq.

Filmdəki 67 yaşlı Tənzilə "nənə"nin oğlu Rəhmanın məlum mənzərəni gördükdə dediyi kimi: “Dünyada heç kimə etibar qalmayıb".