BAKI, 29 mart. TELEQRAF

Bu ilin sentyabr ayında bəstəkar, görkəmli ictimai xadim Üzeyir bəy Hacıbəylinin 140 yaşı tamam olacaq.

Bu münasibətlə mühacirətdə yetişmiş görkəmli azərbaycanlı ədib Səlim Rəfiq Rəfioğlunun Azərbaycan opera tarixi ilə bağlı qələmə aldığı yazını təqdim edirik.

Qeyd edək ki, Səlim Rəfiq Rəfioğlu 1905-ci ildə Gəncədə doğulub. İlk və orta təhsilini bu şəhərdə alıb. 25 may 1927-ci ildə Gəncə Pedaqoji Texnikumunu bitirib. Səlim bəy əvvəlcə İrana gedib, orada əmisi həkim Musa Rəfiyevin yanında qalıb, daha sonra Türkiyəyə mühacirət edib. 1930-1931-ci dərs ilində İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə və Ali Müəllim Məktəbinə yazılıb. 9 sentyabr 1931-ci ildə Türkiyə vətəndaşlığını qazanıb. 7 oktyabr 1935-ci ildə universitetdən 99 saylı diplom alıb. Səlim Rəfioğlu “Azərbaycan və Anadolu xalq hekayələrinin təhlili və müqayisəsi” adlı 120 səhifəlik dissertasiya işi yazıb. Məzunluq dissertasiyasını 1933-1934-cü illərdə bölüm müəllimlərindən Raqıp Xülusi Özdəmin nəzarətində hazırlayıb. “Füzuli” adlı doktorluq dissertasiyası isə 2020-ci ildə Bakıda kitab şəklində işıq üzü görüb.

S.Rəfioğlu pedaqoji fəaliyyətə 29 sentyabr 1934-cü ildə 25 lirə maaşla Antalya Liseyinə təcrübəçi ədəbiyyat müəllimi təyin edilməklə başlayıb. Bir il sonra həqiqi müəllimliyə keçirilib, 1962-ci ilədək bu sahədə çalışıb.

S.R.Rəfioğlunun Türkiyədə üç kitabı çap olunub: “Professor Dr. Çobanzadəyə cavab” (İstanbul, 1939); “Professor Dr. Əhməd Cəfəroğlunun əsərlərindəki xətalar” (Bursa, 1941); “Azərbaycan ədəbiyyatı. Seçilmiş misralar” (Bursa, 1941).

Səlim bəy alim kimi 1968-ci ildə Azərbaycana gələ bilib. Bakıda Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində dönəmin alimləri Həmid Araslı və Abbas Zamanovla görüşüb. Azərbaycan EA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna o, bacısı Validə xanım Quliyeva ilə birgə gedib, İnstitutun direktoru, professor Mirzəağa Quluzadə, professorlar Kamal Talıbzadə, Qasım Qasımzadə ilə söhbətləşib. Abbas Zamanov fondunda bu səfərlə bağlı məqalədə təqdim etdiyimiz fotoşəkillər qorunmaqdadır.

S.R.Rəfioğlu 4 aprel 1980-ci ildə İstanbulda vəfat edib, Feriköy İslam məzarlığında dəfn edilib.

Onun 1939-cu ildə Ankarada çıxan “Oluş” dərgisinin 20-ci sayındakı “Azərbaycanda operetta” adlı məqaləsini təqdim edirik:

Səlim Rəfiq Rəfioğlu

Azərbaycanda operetta

Azərbaycanda milli operetta yazmaq arzusu 19-cu əsrin sonlarına doğru başlamış, 1907-ci ildə fəaliyyətə keçilmişdir. 1909-cu ildə isə ilk milli operetta təmsil edilmişdir. Buna görə də Azərbaycan operasının tarixi çox əski deyildir, təxminən 30 illik keçmişi vardır. Fəqət bu qısa zaman zərfində əldə edilən müvəffəqiyyətlər ciddən böyükdür.

Başda Üzeyir Hacıbəyli olmaqla müxtəlif ədib və bəstəkarların vücuda gətirdikləri orijinal əsərlərin mövzudakı müxtəlifliyi ilə texnikadakı təkamülü və musiqi baxımından əldə edilən inkişaf bu fikri təsdiqləyici mahiyyətdədir. Demək olar ki, hamısı məhəlli və milli olan operettaların sayı iyirmini keçməz. Mövzular, ümumiyyətlə, “Şahsənəm” və “Koroğlu”da olduğu kimi ya zəngin xalq ədəbiyyatından, yaxud “Ər-arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan”da görüldüyü kimi azərbaycanlıların ictimai həyatından alınmışdır.

Azərbaycan opera tarixinin ilk səhifəsini Üzeyir və Zülfüqar Hacıbəylilərin (Əslində Ceyhun Hacıbəyli – D.Ə) müştərək vücuda gətirdikləri “Leyli və Məcnun” təşkil edir. Mövzu Füzulinin məşhur məsnəvisindən alınmış və əsərdə səmimi, hissi bir eşq tərənnüm edilmişdir. Əsərə görə, Məcnun Leyliyə aşiqdir. Leyli də Məcnunu sevir. Fəqət gənc aşiqlərin vüsalına mane olanlar vardır. Məcnun ağlını itirmiş, insanlardan qaçaraq dağlarda dolaşır. Bir gün dostları Leylinın ölümündən onu xəbərdar edirlər. Məcnun Leylinın qəbrini ziyarətə gəlir və sevgilisinin məzarı üzərinə düşərək ölür.

Operanın ilk təmsili 1908-ci ilin yanvarının 12-ci gününə təsadüf edir. Əsər təbii olaraq bugünkü təkamülə nəzərən qüsurludur. Buna baxmayaraq hələ rəğbətdən düşməmişdir. Bunda mövzu ilə bərabər musiqinin də rolu vardır.

Hacıbəyli tərəfindən 1913-də yazılan, Türkiyədə də dəfələrlə tamaşaya qoyulan, eyni zamanda müxtəlif dillərə tərcümə edilən, hətta filmi çəkilən “Arşın mal alan” isə mövzu və mahiyyət etibarıyla həm birincidən fərqlidir, həm də yenidir.

Gənc Əsgər (Əsgər Azərbaycanda xas isim kimi işlədilir) evlənmək istəyir. Əski izdivac şəklini bəyənmədiyindən tərəddüd edir. Dostu Süleyman ona görərək və tanış olaraq evlənə bilməsi üçün səyyar satıcılıq etmək tövsiyəsini verir, zira hər evin qapısı bu kimi satıcılara açıqdır. Qadınlar bunlardan qaçmazlar və üzlərini göstərməkdən çəkinməzlər. Əsgər elə bu vasitə ilə bir çox qızlar görərək özünə münasib bir yoldaş seçəcəkdir. Evlənmək istəyən gənc qumaş satmaq bəhanəsiylə qapı-qapı dolaşırkən zəngin Sultan bəyin qızı Gülçöhrə ilə tanış olaraq eşq yaşayır, bir sıra gülməli əhvalatlardan sonra Əsgər Gülçöhrə ilə, Sultan bəy də Əsgərin xalası ilə evlənirlər. Müxtəlif macəralarla bəzənmiş “Arşın mal alan” əski evlənmə şəklini çürütmək məqsədiylə yazılmışdır.

Hacıbəylinin bu əsəri bu gün belə böyük müvəffəqiyyətlər əldə etməkdədir.

1916-cı ilə qədər operetta növünün yeganə ustadı olaraq Hacıbəylini görürük. Bu tarixdən etibarən Azərbaycan operası yeni bir sima da qazanmışdır – Müslüm Maqomay. İstedad və qüdrətini “Şah İsmayıl” ilə göstərən Maqomayın mühüm bir əsəri də “Nərgiz”dir.

Son vaxtlar Qliyer tərəfindən vücuda gətirilən “Şahsənəm” də üzərində dayanmalı olduğumuz əsərlərdəndir. Mövzu Aşıq Qərib hekayəsindən alınmışdır. Aşıq Qərib bir gün bir röya görür. Gənc və gözəl bir qız dostları arasında və bir fəvvarə qarşısında dayanmaqdadır. Fəvvarə ətrafa almas yağmuru saçır. Aşıq susuzluqdan bitab bir haldadır. Gənc qız ona əliylə su verir. Aşıq Qərib bu andan etibarən qıza vurulmuşdur. Şahsənəmdə əsalət və zənginlik vardır. Aşıq Qərib həm kasıb, həm də kimin nəyi olduğu bəlli deyildir. Fəqət tale ona çox həssas bir qəlblə gözəl bir səs bəxş etmişdir. Şahsənəm də Aşıq Qəribə könül vermişdir. Buna baxmayaraq vüsal imkansız kimidir. Qarşıda böyük maneələr vardır. Fəqət Aşıq Qərib bir gün bu maneələri aşacaqdır. Aşıq Qərib Şahsənəmin atasının diyarından qovulmuşdur. Fəqət qız onun səsini sanki eşidir. Qıza Qəribin öldüyünü xəbər verirlər. Halbuki sevgilisinin köhlən bir at üzərində dolaşdığı gözünün önünə gəlir. Şahsənəm hər cür fəna xəbərlərə biganədir. Aşıq Qərib onu bir gün hökmən qurtaracaqdır. Vaxt keçir, günlər bir-birini qovalamaqdadır. Təyin və təsbit edilən müddət də bitmək üzrədir. Bunu görən Şahsənəm yasa qapılaraq intihar etmək istəyir, çünki atası onu sevmədiyi bir adamla evlənməyə məcbur etmişdir. Qəribdən başqasını düşünməyən aşiq qız parlaq toy alayları içində məhzundur. Fəqət birdən-birə tanıdığı bir səsi eşidir – Aşıq Qərib qızı almaq üçün qəfil ziyafət salonuna girmişdir. Artıq heç bir qüvvət onların səadətini poza bilməyəcəkdir.

Operetta şəklinə qoyulan bu xalq hekayəsinin çox gözəl bir sonluğu vardır. Nəticə, məsələn, “Leyli və Məcnun”da olduğu kimi həzin və öldürücü deyildir. Gözlər yaşla deyil, sevinclə dolmaqdadır. Ölüm yerinə vüsal gəlmişdir.

Əsər iki illik bir araşdırma və çalışma məhsuludur. Müəllif və bəstəkar Azərbaycanın xalq ədəbiyyatını və musiqisini aylarca tədqiq etmiş və parlaq bir səs kadrosu yaratmışdır. Operettada mövzu, musiqi və dekor bir-biriylə qaynaşmışdır. “Şahsənəm” simfonik operanın bir növüdür, çünki şan-təğənni böyük bir yer tutmaqdadır. Orkestrin zənginliyi ilə müxtəlif səsli xorun gözəlliyi, səhnə quruluşu, xalq hekayəsinə uyğun rənglərlə bəzənmiş dekorlar nəzəri-diqqəti cəlb etməkdədir. Xüsusən dekor yüksək bir zövq daşımaqdadır. Saray, bazar və bağçalar sanki ifadəsi qeyri-qabil bir gözəllik ərz edirlər. Dekorun hazırlanmasında tarixi vəsflər cazib şəkildə təcəssüm etdirilmişdir.

Üzeyir Hacıbəylinin və Azərbaycan operasının ən son əsəri “Koroğlu”dur. Bunun da mövzusu xalq ədəbiyyatından alınmışdır. Milli kültürün qaynaqlarına enmək və o zəngin ilham qaynağından doya-doya içmək Azərbaycan ədəbiyyatının bariz vəsflərindən biridir.

Operanın əsasını “Koroğlu” dastanı təşkil edir. Əsərdə əfsanənin ancaq bir qismi görülməkdədir. Həsən adında zalım və xunxar bir xan vardır. Bir gün dostu Ehsan paşaya bir yarış atı hədiyyə etmək istəyir. Fəqət ixtiyar mehtər xana hədiyyə ediləcək bir at tapa bilmir. Xan hiddətlənərək zavallının gözlərini çıxartdırır. Mehtərin sonralar Koroğlu adını alan oğlu Rövşən xana qarşı üsyan hazırlayır. Koroğlu yüksək cəsarəti və sağlam iradəsiylə tanınmış bir qəhrəmandır. Xanın sarayına mənsub Nigar adında gənc bir qız vardır. Bu qız Koroğlunu sevməkdədir. Hərb əsnasında ona yardım edir. Hətta xanın bütün planlarını sevgilisinə vermişdir. Qız edama məhkum edilir. Həyatı təhlükədədir. Lakin hökm infaz edildiyi, yəni Nigarın boynuna ip keçirildiyi anda Koroğlunun qüvvələri yetişərək qızı cəlladların əlindən qurtarır. Koroğlu xanı əsir alır və bütün xalq qəhrəmanı alqışlayır.

Hacıbəylinin ən kamil əsəri olaraq təqdir edilən “Koroğlu”nun bəstəsi operanın ruhuna uyğun bir şəkildə tərtib edilmişdir. Azərbaycanın sərt və rəngli təbiəti, Koroğlunun qabili-nüfuz olmayan qaranlıq qalalarının yüksək divarları, xanın sarayının Şərqə məxsus ehtişamı, kostyumların cazib və əcaib şəkilləri – bütün bunlar əsərin musiqi və şeir konsepsiyasıyla həmahəngdir.

Operettaların hamısını burada ayrı-ayrı təhlil və izah etmək imkansız olduğundan bir qisminin yalnız adını çəkməklə kifayətlənəcəyik. Üzərində dayanmadığımız əsərlərin başlıcaları bunlardır: “Şeyx Sənan”: 1910; “Əsli və Kərəm”: 1911; “Şah Abbas”: 1911; “Rüstəm və Zöhrab”; musiqili komediyalardan “O olmasın, bu olsun” və “Ər-arvad”.

Azərbaycan operasının inkişafında digər sənətkarlara da yer ayırmaq lazımdır. Şövkət xanım və Gülyar İsgəndərli, Bülbül, Yaqub Rza, Hacıbababəyli kimi artistləri, Qəmər Almaszadə kimi rəqqasələri, Mustafazadə kimi dekoratorları, Hidayətzadə və İsgəndərli kimi rejissorları, Həsənzadə, Niyazi, Şövkət Rüstəm kimi dirijorların adını burada zikr etmək icab edər.

Yuxarıdan bəri xüsusi qeydlərimdən və müxtəlif məxəzlərdən nəqlən verdiyim izahatdan anlaşıldığı kimi, Azərbaycan operası mövzusu, şəkli, ruhu və musiqisiylə tamamilə xalq yaradıcılığının bəhrəsindən doğulmuşdur. Hər şeydə olduğu kimi, burada da başlanğıc dövrünün daha ziyadə tarixi əhəmiyyəti vardır. Fəqət sonralar yaradılan operettalarda modern musiqiyə doğru yüksələn bir inkişaf gözə çarpmaqdadır. Bəstəkar Qlierə görə, Azərbaycan operası gənc olmaqla bərabər, süjetləri, səhnə və dekorları, musiqi və artistləriylə ən tələbkar tamaşaçıları belə fövqəladə məmnun edəcək mahiyyətdədir. Qərbdəki əmsallarından heç də geri qalmayan bu əsərlərə musiqi baxımından da müasir zövqün kamil dərəcəsinə yetmiş gözüylə baxıla bilir.

Qeyd: Dr. Rza Nur tarixinin birinci cildində bir qisim operettalara dair verilən məlumat ciddi bir tədqiq məhsulu deyildir, qismən xətalı və qismən də mübaliğəlidir. Hətta bəzi əsərlərin adları belə yanlış yazılmışdır.