BAKI, 7 aprel. TELEQRAF

Rusiya ABŞ-yə Ukraynada müharibəyə son qoymaq istəyini göstərməlidir, amma Kreml hələlik prosesi yalnız ləngidir.

Teleqraf xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.

O vurğulayıb ki, həm ABŞ, həm də NATO müharibəni dayandırmaq üçün səy göstərir: “Amma ruslar ləngdirlər. Amerikalı həmsöhbətlərimdən də eşitdim ki, Rusiya müharibəni bitirmək üçün daha çox iş görməlidir”.

Alyans rəhbəri Rusiyanın müxtəlif bəhanələrlə danışıqlardan yayınmağa çalışdığını bildirib.

Rutte Rusiya lideri Vladimir Putinin Ukraynaya müdaxiləni dayandırıb-dayandırmayacağına əmin deyil:

“Bunu bilmirik. Düşünürəm ki, bu, bir sınaqdır, onun Amerikanın təkliflərinə reaksiyasının necə olacağını görməliyik”.

NATO baş katibi əlavə edib ki, atəşkəs gözləniləndən daha uzun çəkə bilər: “Tramp rusların nə qədər ciddi olduqlarını sınayır. Onun nə qədər irəli gedə biləcəyini qarşıdakı həftələrdə görəcəyik, mən onu dəstəkləyirəm”.