BAKI, 28 noyabr. TELEQRAF
Türkiyəli tarixçi Mustafa Aydəmir əsrlərlə Antalya şəhərinin Kaleiçi limanını qoruyan və 1472-ci ildə səlib donanması tərəfindən sındırılaraq hərbi qənimət kimi Vatikana aparılan zəncirin geri qaytarılması üçün Roma Papası XIV Leoya məktub yazıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Tarixçi 1453-cü ildə İstanbulun fəthindən sonra Avropada böyük donanmanın yaradıldığını bildirib. Osmanlı Sultanı II Mehmetin Ağqoyunlular İmperiyasına yürüşünün fürsət kimi qiymətləndirildiyini qeyd edən Aydəmir o dönəmdə səlibçilərə məxsus 133 gəmidən ibarət donanmanın ilk hücum etdiyi yerin Antalya olduğunu deyib.
O qeyd edib ki, donanma 70 Venesiya, 17 Neapol, 22 Rodos, 5 Kipr və 19 Papa gəmisindən ibarət olub və ona venesiyalı admiral Moçeniqo komandanlıq edib: “Donanma Antalyadan sonra İzmirə hücum etdi. İzmirə daxil olaraq şəhəri qarət etdilər, talan etdilər. Eyni səlibçi donanması ilk hücum etdiyi yer olan Antalyada isə bunu bacarmadı”.
Aydəmirin sözlərinə görə, 1472-ci ildə kardinal Karafanın komandanlıq etdiyi papaya məxsus gəmilər Antalya limanının girişini qoruyan zənciri qıraraq limana daxil olsalar da, şəhəri ələ keçirə bilməyiblər: “Limanı talan etdilər, amma şəhəri ələ keçirə, qalaları aşa bilmədilər. Antalyalılarla səhərdən axşama qədər davam edən amansız qanlı döyüşdə məğlub oldular”.
Tarixçi hücum zamanı qırılan zəncirin hərbi qənimət kimi papaya təqdim edildiyini vurğulayıb: “Bu zəncir daha sonra xatirə kimi papaya təqdim edildi. Papa da onu Vatikanın divarından asdırdı və zəncirin gətirildiyi tarixi mərmər lövhəyə həkk etdirdi”.
Mustafa Aydəmir zəncirin Antalyaya qaytarılmasını istədiyini və bu məqsədlə rəsmi kanallar vasitəsilə papaya məktub göndərdiyini açıqlayıb: “Papadan istədiyim məhz bu zəncirdir. Bu, Antalyamızın tarixinə aiddir. İnanıram ki, papa iki xalqın və iki ölkənin dostluğu naminə bu zənciri aid olduğu yerə qaytaracaq”.