BAKI, 27 noyabr. TELEQRAF

“Əsas məqsədimiz idmanımızın təbliğidir. Artıq stendlərlə tanış olarkən federasiyalara növbəti dəfə daha böyük miqyasda sərgi təşkil etməyi təklif etdim. Bu, ilk dəfədir. İnanıram ki, növbəti illərdə daha böyük sərgilər keçirəcəyik”.

Teleqraf xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən “ExpoSport Azerbaijan 2026” sərgisinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycanda son illər ərzində idman sahəsində mühüm nailiyyətlər əldə olunub:

“Çox sevindirici haldır ki, sərgidə çoxlu sayda uşaqlarımız iştirak edir. Məktəblərdən, özəl təhsil müəssisələrindən, universitetlərdən gələnlər, tələbələrimiz, gənclərimiz var. Yəni bütün yaş kateqoriyalarından olan insanlar buradadır. Sərgi iki gün davam edəcək.

Bilirsiniz ki, bu günlərdə Bakıda idman günləridir və ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Beynəlxalq və irimiqyaslı tədbirlər, dünya və Avropa çempionatları, digər mötəbər yarışlar təşkil olunub.
İlin əvvəlində təxirə salınan "SportAccord" tədbiri planlaşdırırdıq. Təəssüf ki, regionda baş verən hadisələrə görə təxirə salındı. Lakin inşallah, növbəti il yenidən ölkəmizdə keçiriləcək.

Biz qərara gəldik ki, dünya paytaxtlarından biri olan şəhərimizdə belə bir sərgi təşkil edək. Federasiyalar da bu təşəbbüsü maraqla qarşıladılar. Burada idman şirkətləri də iştirak edir. Çünki idmanımız çox inkişaf edib. Özünüz də görürsünüz ki, Azərbaycanda bütün idman növləri uğurla inkişaf etdirilir. Ümumiyyətlə, idman dövlət siyasətidir. Bu siyasəti ölkə başçımız müəyyənləşdirir. Son 30 il ərzində belə bir irəliləyiş əldə etmiş, mühüm nailiyyətlər qazanmışıq”.

Fərid Qayıbov stendlərlə tanışlıq zamanı diqqətini çəkən məqamlar barədə də danışıb:

“Su idmanı federasiyasının stendi çox maraqlı idi. Şahmat stendindəki robot da diqqətimi çəkdi. Ayrılıqda hansısa birini qeyd edə bilmirəm, çünki hər biri maraqlı idi”.

Qeyd edək ki, “ExpoSport Azerbaijan 2026” sərgisi noyabrın 27-28-də Bakı İdman Sarayında keçirilir. Sərgidə 33 idman federasiyası, 10 şirkət və 6 tərəfdaş iştirak edir.