BAKI, 5 oktyabr. TELEQRAF
“ABŞ hərbi qüvvələri İran sərhədlərindən 1000 kilometrdən çox geri çəkilib”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əli Fədavi deyib.
“Amerikalılar qaçaraq sərhədlərimizdən 1000 kilometrdən çox uzaqlaşıblar. Bu, onların seçimi deyil, İslam Respublikasının təsirinin və SEPAH-ın quru qoşunlarının gücünün nəticəsidir”, - o, dövlət televiziyasının efirində bildirib.
SEPAH komandanının sözlərinə görə, ilk dəfədir Bəsrə körfəzində, Hörmüz boğazında, Oman dənizində və Hind okeanının şimal hissəsində ABŞ gəmiləri yoxdur. O iddia edib ki, Hörmüz boğazı artıq bir neçə aydır İranın nəzarəti altındadır.
Fədavi qeyd edib ki, ABŞ müharibə zamanı qarşısına qoyduğu məqsədlərdən heç birinə nail ola bilməyib. Onun fikrincə, Vaşinqtonun regiondakı vəziyyətə təsir cəhdlərinə baxmayaraq, Tehran Maskatla birlikdə Hörmüz boğazında gəmiçilik qaydalarını hazırlayıb və tətbiq edir.
SEPAH komandanı söyləyib ki, gəmilər sığorta və maliyyə öhdəliklərinə görə Hörmüz boğazının cənub hissəsindən istifadə etməyə məcburdurlar. Amma xəbərdarlıq edib ki, bu marşrutla hərəkət edən gəmilər istənilən anda İran Silahlı Qüvvələrinin müvafiq tədbirlərinə məruz qala bilərlər. O diqqətə çatdırıb ki, hazırda Tehran tərəfindən müəyyən edilmiş zonadan kənarda yerləşən alternativ marşrut üzrə sutkada cəmi 3-4 milyon barel neft daşınır, bu da müharibədən əvvəlki həcmdən əhəmiyyətli dərəcədə azdır.