BAKI, 1 oktyabr. TELEQRAF

Fransa millisinin və İngiltərənin “Arsenal” klubunun sabiq hücumçusu Tyerri Anri “Mançester Siti”nin maliyyə feyr-pley qaydalarını pozması ilə bağlı ittihamları şərh edib.

Teleqraf xəbər verir ki, Anri “Mançester Siti”nin Premyer Liqada qalmasına imkan verəcək qərarın futbol tarixinin son 100 ilində ən ədalətsiz qərarlardan biri olacağını bildirib.

“Əgər hər hansı qərar “Mançester Siti”nin Premyer Liqada qalmasına imkan versə, bu, futbolun son 100 ilində ən ədalətsiz qərar olar. Gəlirləri şişirtmək, saxta müqavilələrdən istifadə etmək və maliyyə məlumatlarını düzgün təqdim etməmək yalnız futbolun zirvəsində qalmaq məqsədi daşıyırsa, bu, ədalətsizlikdir”, – Anri deyib.

Qeyd edək ki, İngiltərə təmsilçisinin maliyyə qaydalarını pozması ilə bağlı araşdırma davam edir. Klubun Premyer Liqadan kənarlaşdırıla biləcəyi barədə də məlumatlar yayılıb.