BAKI, 29 avqust. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda Livanın Ali İslam şiə şurasının vitse-prezidenti Şeyx Ali əl-Xatib ilə görüşüb.
Teleqraf "Mehr" agentliyinə istinadla xəbər verir ki, görüş 40-cı Beynəlxalq İslam Vəhdəti Konfransı çərçivəsində baş tutub.
Livan rəsmisi Əraqçiyə İsrailin davam edən hərbi əməliyyatlarının fəsadlarını əks etdirən xüsusi hesabat təqdim edib.
Tehranın Livanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstək verdiyini bəyan edən Əraqçi müharibənin dərhal dayandırılmasının və İsrail qoşunlarının işğal olunmuş Livan torpaqlarından tamamilə çıxarılmasının zəruriliyini vurğulayıb. O, həmçinin İslam ölkələrini İsrailin regional genişlənmə siyasətinə qarşı həmrəylik nümayiş etdirməyə çağırıb.