BAKI, 21 avqust. TELEQRAF
Türkiyə Ədliyyə Nazirliyi İsrail Baş naziri Benyamin Netanyahu barədə insanlığa qarşı cinayətlər və soyqırımı ittihamları ilə “İnterpol”un “qırmızı bülleteni” əsasında beynəlxalq axtarış elan edilməsi üçün Daxili İşlər və Xarici İşlər nazirliklərinə müraciət edib.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Akın Gürlek açıqlama verib.
“2026-cı il iyulun 14-də Netanyahuya qarşı soyqırımı ittihamı ilə bağlı çıxarılmış həbs qərarlarına əsasən, Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyinə beynəlxalq axtarış üzrə “qırmızı bülleten”lərin verilməsi barədə müraciət edib. Müvafiq sənədlər Xarici İşlər Nazirliyinə də göndərilib”, - nazir deyib.
Gülrek əlavə edib ki, Türkiyə milli və beynəlxalq hüquqa uyğun olaraq bütün mövcud hüquqi vasitələrdən qətiyyətlə istifadə edəcək.
İstanbulun 11-ci Ağır Cinayətlər Məhkəməsi iyul ayında “Sumud” humanitar donanması ilə bağlı iş çərçivəsində Benyamin Netanyahu və digər təqsirləndirilən şəxslərin həbsi barədə qərar verib. İsrail rəsmiləri insanlığa qarşı cinayətlər, soyqırımı, qanunsuz azadlıqdan məhrumetmə, qəddar davranışlar, qəsdən sağlamlığa xəsarət yetirmə, qarət və nəqliyyat vasitələrinin qanunsuz saxlanılması kimi əməllərdə ittiham olunur.