BAKI, 21 avqust. TELEQRAF
“Suriya və İsrail arasında hansısa strateji razılaşmanı müzakirə etmək üçün hələ çox tezdir”.
Teleqraf xəbər verir ki, bunu Suriya xarici işlər naziri Əsəd Şibani deyib.
O bildirib ki, indiki halda Suriyanın əsas prioriteti İsrailin hücumlarının dayandırılmasıdır.
İsrailin Suriya və Türkiyə arasında hərbi əməkdaşlığın dərinləşdirilməsinə etirazına gəlincə, Əsəd Şibani bu barədə qeyd edib: “Suriya suveren dövlətdir. Dəməşqin qurduğu ittifaqları və ya tərəfdaşlarını İsrail müəyyən edə bilməz”.
Suriyanın xarici işlər naziri əlavə edib ki, Dəməşqin yeni xarici siyasəti yenidənqurmaya, iqtisadi əməkdaşlığa və regional-beynəlxalq tərəfdaşlarla daha güclü münasibətlərin qurulmasına yönəlib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri avqustun 18-də Suriyanın İdlib vilayətində yerləşən Əbu Dühur hərbi hava bazasına zərbələr endirib. İsrail bunu Suriyanın Türkiyə qoşunlarının həmin bazada yerləşdirilməsinə icazə verməyə hazırlaşması ilə əsaslandırıb.
Türkiyə İsrailin irəli sürdüyü iddiaları “əsassız” adlandıraraq rədd edib, həmçinin Təl-Əvivin son addımlarına sərt təpki göstərib. Analoji açıqlama Dəməşq tərəfindən də səsləndirilib.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Tomas Barak İsrailin Türkiyəyə yönəlik addımlarının mümkün nəticələri ilə bağlı xəbərdarlıq edib.