BAKI, 13 avqust. TELEQRAF

İraq Baş nazir Əli əl-Zeydi ölkədəki silahlı qruplaşmalara silahlarını təhvil vermələri üçün sentyabrın 30-dək vaxt verdikdən sonra siyasi liderlərə də xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Al-Arabiya” məlumat yayıb.

İraq Baş naziri bildirib: “Əgər müddət başa çatdıqdan sonra silahlı qruplaşmalar əməkdaşlıqdan imtina etməkdə israr etsələr, hökumət qarşıdurma və ya toqquşmaya hazırdırlar”.

İraq rəsmisi kanala bildirib ki, hazırda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə yüksək səviyyədə intensiv əlaqələr aparılır. Müzakirələr əsasən silahlı qruplaşmaların silahları İraq dövlətinə təhvil verməsi məsələsi ətrafındadır.

Proses ABŞ-nin Bağdada İranın İraq ərazisindəki proksi qüvvələrinin tərksilah edilməsi istiqamətində artan təzyiqləri fonunda başlayıb. Əl-Zeydi mayın ortalarında vəzifəyə başladıqdan sonra ABŞ-nin dəstəyi ilə bunu yerinə yetirəcəyini vəd edib.

Əl-Zeydi bundan əvvəl silahlı qruplaşmalara sentyabrın 30-dək silahlarını təhvil vermələri üçün vaxt verib. Bu tarix ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İŞİD terror təşkilatına qarşı missiyasının başa çatması ilə eyni vaxta təsadüf edir. Bəzi qruplaşmalar məhz koalisiyanın ölkədə mövcudluğunu silahlarını saxlamaq üçün “əsas” kimi göstərirlər. Amma qruplaşmaların bir hissəsi hələ də bu məsələdə əməkdaşlıq etməkdən imtina edir.