BAKI, 19 iyul. TELEQRAF
ABŞ Hörmüz boğazında gəmilərin sərbəst hərəkəti üçün İranla sülh sazişi bağlamaq istəyir. Lakin rəsmi Vaşinqton bu razılaşma olmasa belə, boğazda təhlükəsizliyi təkbaşına qorumağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "ABC News" telekanalına müsahibəsində bildirib.
O, Prezident Donald Trampın bu məsələdə qətiyyətli olduğunu vurğulayıb:
"Donald Tramp böhranı sülhlə bitirmək istəyir, lakin bunun üçün İran da addım atmalıdır. Əgər Tehran buna razı olmasa, ABŞ İran olmadan da boğazda gəmilərin təhlükəsizliyini təmin edəcək".
Kris Rayt regiondan çıxarılan neftin həcmini də açıqlayıb:
"Hazırda Fars körfəzindən gündəlik təqribən 14 milyon barrel neft nəql edilir. Bunun 7 milyon barreli Hörmüz boğazı ilə, qalan 7 milyon barreli isə boru kəmərləri ilə daşınır. Hazırkı neft nəqli münaqişədən əvvəlki dövrün üçdə ikisini təşkil edir. Bununla belə, indiki göstəricilər mart ayı ilə müqayisədə xeyli yüksək və sabitdir".