BAKI, 13 iyul. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7-8-də Ankarada keçirilən NATO sammitinin Türkiyənin beynəlxalq məsələlər, o cümlədən Ukrayna münaqişəsi ilə bağlı qətiyyətli mövqeyini nümayiş etdirmək üçün mühüm fürsət olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə lideri hökumətin iclasından sonra xalqa müraciətində bildirib.
"Sammit Türkiyənin mövqeyinin mümkün qədər qətiyyətlə ifadə olunduğu platforma rolunu oynadı. Biz Qəzza zolağında və Livanda qardaş və bacılarımızın məruz qaldığı qeyri-insani hücumlar məsələsini çox açıq şəkildə qaldırdıq. Rusiya-Ukrayna münaqişəsinin dialoq və diplomatiya yolu ilə həll edilməli olduğunu bir daha vurğuladıq", - dövlət başçısı qeyd edib.
Ərdoğan sammit çərçivəsində alyans ölkələrinin, eləcə də Ankaraya dəvət olunmuş tərəfdaş dövlətlərin liderləri ilə olduqca intensiv diplomatik təmasların və ikitərəfli görüşlərin keçirildiyini diqqətə çatdırıb.
O, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə rəsmi səfərini xüsusi vurğulayıb:
"Bu səfər 17 illik fasilədən sonra reallaşdı və böyük əhəmiyyət kəsb edirdi. Onun ölkəmiz və sammit haqqında müsbət fikirlərini məmnuniyyətlə qəbul etdik. Türkiyə-ABŞ münasibətlərini gücləndirmək, ikitərəfli ticarətdə 100 milyard dollarlıq hədəfə çatmaq, həmçinin regionumuzda sülh və sabitliyi bərqərar etmək üçün cənab Trampla əməkdaşlığı davam etdirəcəyik".