BAKI, 4 iyul. TELEQRAF

İranın Ali rəhbəri Müctəba Xamenei yaxın ətrafına iyulun 9-da Məşhəd şəhərində atası və sələfi Əli Xamenei üçün planlaşdırılan dəfn mərasimində iştirak etmək və cənazə namazı qılmaq istədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) iki üzvünə və Əli Xameneinin dəfn mərasiminin planlaşdırılmasında iştirak edən bir nəfərə istinadla yazıb.

Mənbələrin iddiasına görə, İranın təhlükəsizlik qurumları hələlik Müctəba Xameneinin mərasimdə iştirakına razılıq verməyiblər. O da iddia edilib ki, onlar İsrailin bu mərasimdən onu öldürmək və ya gizləndiyi yeri müəyyənləşdirmək üçün istifadə edə biləcəyindən narahatdırlar.

Nəşr vurğulayıb ki, Əli Xameneinin öldürülməsindən sonra hakimiyyət daxilində müxtəlif güc mərkəzləri arasında fikir ayrılığı yaranıb. Praqmatik qanad ABŞ ilə gərginliyin azaldılmasını və iqtisadi vəziyyətin yaxşılaşdırılmasını istəyir, sərt xətt isə istənilən güzəştə qarşı çıxır.