BAKI, 2 iyul. TELEQRAF
“Hörmüz boğazı İranın nəzarət zonasıdır, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yox”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Bəhreyndə CENTCOM-un rəhbərliyi ilə keçirilən regional təhlükəsizlik toplantısını şərh edərkən deyib.
Həmçinin o, iddia edib ki, bu hərbi toplantı Bəsrə körfəzində hüquqi-təhlükəsizlik nizamı yarada bilməz.
Qəribabadi qeyd edib ki, regionun təhlükəsizliyi ABŞ-nin bölgəyə müdaxiləsinin başa çatması və qoşunlarının çıxarılması, ölkələrin suverenliyinə hörmət göstərilməsi və yeni geosiyasi reallıqların qəbul edilməsi ilə təmin oluna bilər, Amerikanın hərbi çətiri altında deyil.
CENTCOM-un komandanı Bred Kuper isə sözügedən toplantıda söyləyib:
“Biz regional tərəfdaşlarımızla çiyin-çiyinə dayanmağa davam edirik. Bu müzakirələr regional təhlükəsizlik və sabitliyə dair ortaq öhdəliyimizi bir daha təsdiqlədi”.