BAKI, 29 iyun. TELEQRAF
“Əgər İranla ABŞ arasındakı razılaşmanın uzunmüddətli və davamlı olmasını istəyiriksə, qarşı tərəfin iqtisadi maraqlarını nəzərə almamaq olmaz”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Həmid Qənbəri deyib.
“ABŞ üçün iqtisadi faydası olmayan istənilən saziş uzunömürlü olmayacaq, uğursuzluğa məhkumdur”, - diplomat əlavə edib.
İranın dondurulmuş aktivləri əvəzinə ABŞ-dən kənd təsərrüfatı məhsullarının alınmasının məcburi olması ilə bağlı Vaşinqtonun açıqlamasına münasibət bildirən Qənbəri qeyd edib:
“Sazişdə Amerika mallarının alınmasına dair heç bir qeyd və ya şərt yoxdur. Amerikalılar daxili auditoriya üçün özlərinə uyğun narrativ formalaşdırmağa çalışırlar”.
Nazir müavini dondurulmuş aktivlərin həcmi və onların sərbəst buraxılması mexanizmi barədə danışarkən isə vurğulayıb: “Bizim iqtisadi diplomatiyamız təkcə bloklanmış aktivlər məsələsindən ibarət deyil. Mediada bu mövzuya həddindən artıq diqqət yetirilir”.