BAKI, 10 iyun. TELEQRAF

Türkiyənin müxalif Xalqların Demokratiya və Bərabərliyi Partiyası (DEM) Ermənistan Baş naziri Nikol Paşinyanı iyunun 7-də keçirilən parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, Ermənistan hökumətinin başçısına təbrik məktubu DEM-in həmsədrləri Tülay Hatimoğulları və Tuncer Bakırhan tərəfindən ünvanlanıb.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.

Ermənistan Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrini iyunun 14-də açıqlayacaq.