BAKI, 9 iyun. TELEQRAF
İranın keçmiş ali rəhbəri Əli Xameneinin öldürülməsindən yüz gündən çox vaxt keçməsinə baxmayaraq, onun dəfn mərasimi və vaxtı ilə bağlı hələ də ziddiyyətlər mövcuddur.
Teleqraf xəbər verir ki, bu barədə “Iran International” yazıb.
Mənbə ölkə rəhbərliyinin ABŞ və İsraillə davam edən hərbi gərginlik fonunda dəfn mərasimi keçirməkdən ehtiyat etdiyini bildirib.
Tehran Şəhər Şurasının sözçüsü Əlirza Nadali bildirib ki, paytaxtda metro və avtobuslardan pulsuz istifadə icazəsi Məhərrəm ayının ilk ongünlüyünün sonuna qədər uzadılıb.
Nadali bunun Əli Xameneinin dəfn mərasimi ilə üst-üstə düşdüyünü deyib. Qərar Tehran Şəhər Şurası tərəfindən təsdiqlənib.
Keçmiş ali rəhbərin dəfni üçün formalaşdırılan qərargah Əli Xamenei ilə vida və dəfn mərasimlərinin Məhərrəm ayının ilk ongünlüyündən, məsul qurumlar və ictimaiyyət nümayəndələri arasında son məsləhətləşmələrdən sonra keçiriləcəyini açıqlayıb.
Xatırladaq ki, Əli Xamenei ABŞ və İsrailin fevralın 28-də paytaxt Tehrana irimiqyaslı hava hücumu zamanı öldürülüb.