BAKI, 1 may. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığının komandanı (CENTCOM) admiral Bred Kuper və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi general Den Keyn bu gecə Prezident Donald Trampa İrana qarşı yeni əməliyyat planları barədə 45 dəqiqə məlumat verib.

Teleqraf xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadla İsrailin N12 telekanalı məlumat yayıb.

Rəsmilərin sözlərinə görə, bu toplantı Trampın danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmaq və ya müharibə bitməzdən əvvəl son zərbəni vurmaq üçün İranla hərbi əməliyyatları bərpa etməyi ciddi şəkildə düşündüyünü göstərir. Trampla oxşar brifinq fevral 26-da - ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından iki gün əvvəl keçirilmişdi. ABŞ Prezidentinə yaxın mənbə bildirib ki, son brifinq Donald Trampın həmin vaxt müharibəyə başlamaq qərarına təsir edib.

Məlumata görə, CENTCOM İrana qarşı qısa və güclü hücumlar dalğası üçün plan hazırlayıb. Növbəti kampaniyanın İranın enerji infrastrukturuna yönələcəyi deyilir.

Tramp administrasiyası ümid edir ki, İran nüvə proqramı məsələsində daha çevik davranmaq istəyi ilə danışıqlar masasına qayıdacaq.

Trampa təqdim edilən digər plan Hörmüz boğazının bir hissəsinin nəzarətə götürülməsi, ticarət gəmiləri və neft tankerləri üçün açılmasına yönəlib. Mənbənin sözlərinə görə, belə bir əməliyyata Quru Qoşunları da cəlb edilə bilər.

Brifinqdə qaldırılan digər variant isə İranın zənginləşdirilmiş uran ehtiyatının çıxarılması üçün xüsusi təyinatlı qüvvələrin əməliyyatıdır.

Rəsmilər qeyd ediblər ki, hazırda ABŞ Prezidenti dəniz blokadasını İrana qarşı əsas təzyiq vasitəsi kimi görür, amma Tehran bu halda da təslim olmasa, hərbi əməliyyatlar nəzərdən keçiriləcək. ABŞ ordusunun hazırladığı ssenarilərdən biri də İranın dəniz blokadasına cavab olaraq bölgədəki ABŞ qüvvələrinə qarşı hərbi əməliyyatlara başlaması ilə bağlıdır. CENTCOM bu ehtimala qarşı da hazırlıq görür.