BAKI, 30 aprel. TELEQRAF

“Fars (Bəsrə) körfəzində təhlükəsizlik yalnız regional ölkələr arasında əməkdaşlıq yolu ilə təmin edilə bilər”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Bu strateji əhəmiyyətli bölgənin təhlükəsizliyi yalnız region ölkələri arasında əməkdaşlıq yolu ilə təmin edilə bilər”, - o qeyd edib.

Məsud Pezeşkian həmçinin Bəsrə körfəzindəki qeyri-sabitliyə görə ABŞ və İsraili günahlandırıb.

Həmçinin o vurğulayıb ki, İrana qarşı dəniz blokadası körfəz ölkələrinin maraqlarına ziddir və ABŞ-nin İslam Respublikası ilə bağlı məqsədlərinə çatmasına kömək etməyəcək:

“Bu gün düşmənlərimiz yanaşmalarını dəyişdirərək, İran hökuməti və xalqına təzyiq göstərmək üçün yeni vasitə kimi dəniz blokadası və dəniz ticarət yollarına məhdudiyyətlər strategiyasına əl atıblar. Dəniz blokadası və məhdudiyyətlərinin tətbiq edilməsinə yönəlmiş istənilən cəhd beynəlxalq hüquqa, regional ölkələrin maraqlarına, qlobal sülhə və sabitliyə ziddir və heç bir təsiri olmayacaq”.