BAKI, 27 aprel. TELEQRAF
İranın qərarvermə sistemində son həftələrdə ciddi dəyişiklik baş verib, Ali rəhbər Əli Xameneinin öldürülməsindən və oğlu Müctəba Xameneinin onun yerinə təyin edilməsindən bəri ölkədə vəziyyət fərqli görünür. İnqilab Keşikçiləri Korpusu (SEPAH) və yüksək rütbəli generallar bütün əsas qərarlarda, o cümlədən müharibənin idarə olunması və onun dayandırılması üzrə danışıqlarda yeganə təsir mərkəzinə çevrilib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı məlumat yayıb.
Kanal bildirib ki, SEPAH Əli Xamenei dövründə İranın qərarvermə sistemində mühüm güc olsa da, ali rəhbər xarici siyasət və təhlükəsizlik məsələlərində son söz sahibi sayılırdı, amma indi vəziyyətin dəyişib, Müctəba Xameneinin ölkəni daha kiçik komanda ilə idarə edir:
“Məlumata görə, Müctəba Xamenei qərarları öz yaxın çevrəsi ilə birlikdə verir, bu şəxslər artıq tabeliyində olan yox, “həmkarları” kimi qəbul edilir. Bu, əvvəlki dövrdən fərqli olaraq, qərarların bir lider tərəfindən deyil, daha kollektiv şəkildə verildiyini göstərir.
Bəzi təhlillərə əsasən, Müctəba Xameneinin bu vəzifəyə gətirilməsi SEPAH-ın təzyiqi ilə bağlıdır. Ya Xamenei SEPAH-a bağlıdır, ya da faktiki olaraq real güc onların əlindədir, yeni ali rəhbər də formal rol oynayır.
Ölkəni kim idarə edir?

Müharibə başlamazdan əvvəl Əhməd Vahidi Əli Xameneinin ölümünə səbəb olan ilk zərbədə həyatını itirən Məhəmməd Fəxpurun yerinə İnqilab Keşikçiləri komandanının müavini təyin edilmişdi. İndi isə SEPAH komandanı olan Vahidi həm də ən radikal düşərgənin təmsilçisidir. Məlumata görə, Prezident Məsud Pezeşkianla davamlı münaqişədədir.
Əhməd Vahidi İbrahim Rəisinin prezidentliyi dönəmində müdafiə və daxili işlər naziri vəzifələrində çalışıb. Mənbələrin fikrincə, sələflərindən daha radikaldır.
O zaman SEPAH-ın “Qüds” qüvvələrinin komandiri vəzifəsində çalışan Vahidi 1994-cü ilin iyul ayında Buenos Ayresdə yəhudi icmasının binasına edilən və 85 nəfərin ölümünə səbəb olan terror aktının arxasında duran şəxs hesab olunur.
Laricaninin xələfi

Əli Laricaninin öldürülməsindən sonra Ali Milli Təhlükəsizlik Şurasının sükanı arxasına keçən Məhəmməd Baqer Zülqədr daha az tanınan fiqur olsa da SEPAH-ın təhlükəsizlik strukturunda mühüm vəzifələr tutur. Rejim daxilində İnqilab Keşikçilərinə sıx bağlı güc mərkəzini təmsil edən şəxsdir. Əvvəllər müxtəlif yüksək hərbi-təhlükəsizlik postlarında, o cümlədən SEPAH-ın regional əməliyyat strukturları və daxili təhlükəsizlik orqanlarında xidmət edib.
Ali rəhbərin hərbi müşaviri Yəhya Rəhim Səfəvi

Rəhim Səfəvi isə uzun illər SEPAH-ın komandiri olub (1997–2007) və hazırda da əsas hərbi müşavir kimi fəaliyyətini davam etdirir. O, İranın hərbi gücünün və çəkindirici potensialının qorunmasını vacib sayır, ölkənin ballistik raketləri və digər hərbi imkanlarını rejimin davamlılığının təminatı kimi görür.
İranın hazırkı sistemində üç yüksək vəzifəli general - Əhməd Vahidi, Məhəmməd Baqir Zülqədr və Yəhya Rəhim Səfəvi əsas güc üçbucağı kimi fəaliyyət göstərir. Onlar Müctəba Xameneinin tabeliyində yox, yanındadırlar və müstəqil təsir mərkəzləri hesab edilirlər. Məlumata görə, bu generallar təhlükəsizlik aparatı, kəşfiyyat və iqtisadiyyat üzərində nəzarət, eləcə də bölgədəki silahlı terror təşkilatları ilə əlaqələri sayəsində böyük gücə malikdirlər. İranın hərbi strategiyasını, resurslardan istifadəsini və diplomatik hərəkətlərini müəyyən edirlər
Başqa bir güc üçbucağı
.webp)
Vahidi-Zülqədr-Səfəvi üçbucağından əlavə, başqa bir güc üçbucağı da üzə çıxır. Bura parlamentin sədri Məhəmməd Baqir Qalibaf, keçmiş SEPAH zabiti və ali rəhbərin müşaviri Hüseyn Taab və bu yaxınlarda Müctəba Xameneinin müşaviri təyin edilmiş İnqilab Keşikçiləri zabiti Möhsün Rezayi daxildir.
Qalibaf keçmiş SEPAH zabiti kimi həm parlament rəhbərliyi, həm də ABŞ ilə danışıqlarda rol oynaya bilən fiqur kimi görünür. Amma Qərblə dialoqa açıq mövqeyi SEPAH daxilində ona münasibətin necəliyi barədə suallar yaradır. Təsadüfi deyil ki, ötən həftə SEPAH-ın nüvə proqramının müzakirəsini ABŞ ilə gələcək danışıqların gündəmindən çıxarılması ilə bağlı tələbindən sonra Qalibafın nümayəndə heyətinin rəhbəri postundan istefa verdiyi barədə məlumat yayılmışdı.
Hüseyn Taaba gəlincə, SEPAH-ın keçmiş kəşfiyyat rəhbəri kimi tanınır. Uzun illər bu aparata rəhbərlik edib, İranın Türkiyə və digər qonşu ölkələrdə İsrailə qarşı həyata keçirməyə çalışdığı əməliyyatlarda adı hallandırılıb. Son illərdə isə Əli Xameneinin müşaviri kimi fəaliyyət göstərib. İndi də Müctəba Xameneiyə yaxın şəxsi çevrəyə daxildir, ona qərarvermə və dövlət idarəçiliyi prosesində dəstək verir.
Möhsün Rezayi isə SEPAH-ın yüksək rütbəli keçmiş komandirlərindən biridir və müharibə dövründə Müctəba Xameneinin müşaviri kimi təqdim olunur. Son dövrlərdə daha sərt xətt tərəfdarı kimi çıxış edir, İsrail və ABŞ-yə qarşı radikal bəyanatları ilə tanınır, xüsusilə Hörmüz boğazının bağlanması kimi daha aqressiv siyasətlərin müdafiəçisidir.
İkinci dərəcəli rollar

Prezident Məsud Pezeşkian İranda ikinci dərəcəli roldadır. Ümumiyyətlə, İslam inqilabından bəri İranda prezidentlik institutunun əsasən ikinci dərəcəli rol daşıdığı məlum məsələdir. Prezident daha çox daxili idarəetmə ilə məşğuldur, xarici siyasət və təhlükəsizlik məsələlərində əsas söz sahibi deyil. Hazırkı güc dəyişiklikləri və SEPAH-ın təsirinin artması prezidentin, indiki halda Məsud Pezeşkianın siyasi manevr imkanlarını daha da məhdudlaşdırıb.
Məsud Pezeşkian hələ müharibə başlamazdan əvvəl, yanvar etirazları dövründə belə bəzi məhdudiyyətlərin yumşaldılması ilə bağlı tövsiyələr vermiş, Ali Milli Təhlükəsizlik Şurasının o zamankı katibi Əli Laricani ilə internet məhdudiyyətlərinin götürülməsi barədə məsləhətləşdiyini söyləmişdi.
Məlumata görə, Pezeşkian son dövrlərdə SEPAH komandirləri ilə kəskin fikir ayrılıqları yaşayır və bu qarşıdurmada zəif mövqedədir. Onun rolu gündəlik dövlət idarəçiliyi və vətəndaşlarla əlaqələrin saxlanılması kimi məsələlərlə məhdudlaşıb.
Xarici işlər naziri Abbas Əraqçinin də mövqeyi zəifləyib. Pakistana son səfəri zamanı ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cerad Kuşnerlə görüşə bilməməsi də bunu göstərdi. Əvvəllər ABŞ ilə danışıqlara Əraqçi rəhbərlik etsə də, son addımların çoxunda rolu olmayıb və Qalibaf faktiki olaraq onun yerini tutub. Hətta danışıqların dayandırılması kimi əsas qərarlarda belə onun və prezidentin mövqeyi qəbul edilməyib”.