BAKI, 16 iyun. TELEQRAF

Türkmənistan və Çin alimləri Türkmənistanın bir neçə qoruğunu əhatə edən genişmiqyaslı elmi ekspedisiyanı uğurla başa vurublar.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.

Tədqiqat Türkmənistan Ətraf Mühitin Mühafizəsi Nazirliyinin Milli Səhralar, Flora və Fauna İnstitutu tərəfindən Çin Elmlər Akademiyasının Sincan Ekologiya və Coğrafiya İnstitutu ilə birgə aparılıb.

Ekspedisiya zamanı mütəxəssislər Qaraqum səhrasının mərkəzi hissəsini, Bokurdak və Yerbent bölgələrini, Darvaza qaz kraterini, Kaplankır dövlət təbiət qoruğunu və Repetek biosfer qoruğunu araşdırıblar. Elm adamları geobotanik tədqiqatlar aparıb, vəhşi təbiəti izləyib, torpaq nümunələri toplayıb və səhralaşma proseslərini öyrənmək üçün xüsusi sınaqlar keçiriblər.

Toplanan materiallar Türkmənistanın Qırmızı kitabının yeni nəşrinin və səhra bitkilərinin atlasının hazırlanmasında istifadə olunacaq. Çinli mütəxəssislər həmçinin əldə edilən məlumatlardan Qaraqum səhrasının landşaftlarını öyrənmək və Qaraqum və Təkləməkan səhralarının müqayisəli təhlilini aparmaq üçün istifadə etməyi planlaşdırırlar.