BAKI, 16 iyun. TELEQRAF
“Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçilik etməyə və ya danışıqlar üçün platforma təmin etməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqları zamanı deyib.
“Bir daha qeyd etmək istərdim ki, ölkəmiz - Türkiyə vasitəçilik də daxil olmaqla, əlindən gələni etməyə hazırdır. Bura müharibəyə son qoymaq üçün platforma təmin etmək də daxildir. Çünki bu qeyri-sabitlik, eskalasiya müharibənin daha da şiddətlənməsinə səbəb ola bilər, buna görə də ona son qoymaq üçün mümkün olan hər şeyi etmək lazımdır”, - türkiyəli nazir vurğulayıb.
Hakan Fidan həmçinin qeyd edib ki, Türkiyə və Rusiya ikitərəfli münasibətləri uğurla inkişaf etdirir və gücləndirir:
“Rusiya və Türkiyə arasındakı münasibətlər ölkələrimizin liderləri tərəfindən müəyyən edilmiş xətlər üzrə inkişaf etməyə və möhkəmlənməyə davam edir. Bu münasibətlər institutsionallaşma səviyyəsinə çatır”.