BAKI, 16 iyun. TELEQRAF

Bu gün Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının həyata keçirdiyi “Mediada Azərbaycan dili” təliminin yekun mərhələsi olaraq aparılan monitorinqin nəticələri müzakirə edilib.

Teleqraf xəbər verir ki, bu çərçivədə “Azərbaycan mediasında dil normalarının tətbiqi" mövzusunda dəyirmi masa keçirilib.

Müzakirədə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru, filologiya üzrə fəlsəfə doktoru Almaz Mahmud, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Media İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qabil Abbasoğlu və bir sıra rəsmi şəxslər, media nümayəndələri iştirak ediblər.

Onlar öz fikirlərini bölüşüb, təkliflərini irəli sürüblər. Müzakirədə bir sıra sözlərin yazılışı və tələffüzü məsələsinə, bəzi sözlərin müxtəlif variantlarda, yanlış formada tələffüzünə toxunulub. Bununla bağlı müəyyən qeydlər aparılıb.

2026-cı il yanvarın 10-dan aprelin 4-dək Bakı şəhərində keçirilən 16 təlimdə müxtəlif media qurumları və xəbər portallarını təmsil edən 50-yə yaxın peşəkar jurnalist, redaktor və aparıcı iştirak edib.

Son dörd təlimdən ikisi 4 apreldə Qubada, digər ikisi isə 11 apreldə Lənkəranda fəaliyyət göstərən media nümayəndələrinin iştirakı ilə həmin rayonlarda keçirilib.

Təlimlərin əsas məqsədi media nümayəndələrinin Azərbaycan dilinin ədəbi normaları ilə bağlı bilik və bacarıqlarının artırılması, audiovizual mediada dil mədəniyyətinin təkmilləşməsi olub. Təlim müddətində dilçi alim və media ekspertlərinin iştirakı ilə məlumatlandırıcı podkastlar hazırlanıb.

Qeyd edilib ki, təlim iştirakçılarına sertifikatların təqdim olunması, jurnalistlər üçün stolüstü vəsaitin hazırlanaraq nəşr olunması nəzərdə tutulur.