BAKI, 23 aprel. TELEQRAF
İranın yeni Ali rəhbəri Müctəba Xamenei hələ də ölkə daxilində qapalı yerdə gizlənir, ona çıxış çox çətindir, ciddi şəkildə məhdudlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “The New York Times” məlumat yayıb.
Nəşrin mənbələrinə görə, ətrafında əsasən müalicəsi ilə məşğul olan tibbi heyət var. İxtisasca ürək cərrahı olan Prezidenti Məsud Pezeşkian və İran Səhiyyə Nazirliyi də onun müalicəsinə cəlb olunub. Qeyd edilir ki, SEPAH komandirləri və hökumətin yüksək vəzifəli simaları İsrailin izləyəcəyindən və məhv edəcəyindən qorxaraq onu ziyarət etmirlər.
Məlumata görə, Müctəba Xameneinin ayaqlarından biri üç dəfə əməliyyat olunub, hazırda protez gözləyir: “Üzü və dodaqları ağır şəkildə yanıb, bu da danışmasını çətinləşdirir. Gələcəkdə isə plastik əməliyyatlara ehtiyac duyacağı gözlənilir. Əlindən də əməliyyat olunub, amma yavaş-yavaş funksiyasını bərpa edir”.
NYT əlavə edir ki, indiyədək yeni ali rəhbərinin videomüraciətinin yayımlanmamasının səbəbi zəif və ya həssas görünmək istəməməsidir.
Həmçinin Müctəba Xemeneinin iti düşüncəli olduğu və ölkənin idarə olunmasında iştirak etdiyi, bunun SEPAH komandirləri və Ekspertlər Şurası ilə birlikdə həyata keçirildiyi iddia edilir.
Nəşr ona mesajların ancaq zərflərdə, əsas və yan yollarla, avtomobil və motosikletlərlə hərəkət edən kuryerlər zənciri vasitəsilə gizləndiyi yerə qədər çatdırıldığını yazır. Verdiyi yazılı təlimatlar da eyni şəkildə geri qaytarılır.
Hazırkı vəziyyəti və təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən faktiki olaraq müxtəlif səlahiyyətləri SEPAH generallarına həvalə edib və qərar qəbuletmə prosesində əsas söz sahibi onlardır. Məlumata görə, bu generallar bu həftə ABŞ ilə ikinci danışıqlar raundu öncəsi İran nümayəndə heyətinin Pakistana səfərinin ləğvi barədə göstəriş veriblər.
Məqalədə Xameneinin silahdaşları - Hüseyn Taab, Möhsün Rezaei və Məhəmməd Baqir Qalibaf İranda qərar qəbuletmənin “hakimiyyət üçbucağı” kimi təsvir olunur. Həmçinin bildirilir ki, bu dörd nəfər bir-birini tabeçilikdə olanlardan daha çox həmkar kimi görürlər.
SEPAH generalları ABŞ ilə danışıqların faydasız olduğunu iddia edirlər, Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi isə təxminən 300 milyard dollarlıq ağır iqtisadi ziyan barədə xəbərdarlıq edib və sanksiyaların ləğvinin vacibliyini vurğulayıb.
“Amma sonda generallar qalib gəldi və danışıqlar uğursuz oldu”, - NYT-nin mənbəsi vurğulayır.