BAKI, 8 aprel. TELEQRAF
Türkiyə İran, ABŞ və İsrail arasında elan edilmiş müvəqqəti atəşkəsi regional sabitlik və qlobal sülh baxımından mühüm fürsət kimi qiymətləndirir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duran "X"dəki hesabında yazıb.
B.Duran bu inkişafın mövcud gərginliyi azaltmaqla məhdudlaşmayacağına, eyni zamanda münaqişənin qalıcı həllinə və sülhə yol açacağına ümidvar olduğunu bildirib:
"Regionumuzda uzun müddətdir davam edən kövrək təhlükəsizlik mühiti dialoq və diplomatiya kanallarının nə dərəcədə həyati əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirdi. Qarşılıqlı anlaşmanın gücləndirilməsi, gərginliyi artıra biləcək addımlardan çəkinmək və beynəlxalq hüquq normaları çərçivəsində hərəkət etmək qalıcı sülhün bərqərar olmasında həlledici rol oynayacaq".
O vurğulayıb ki, Türkiyə özünün güclü diplomatiya ənənəsi, ədalətli və balanslı yanaşması ilə hər zaman sülhün tərəfdarı kimi çıxış edib, böhranların həllində "təhlükəsiz liman" məsuliyyətini üzərinə götürüb:
"Türkiyə olaraq, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə regional və qlobal sülhün bərqərar olması üçün hər cür töhfəni verməyə davam edəcəyik".